Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-03 10:22:00
Mentalitet faciəvi nəticələrə səbəb olur – Pediatrdan xəbərdarlıq

“İndiki uşaqlar cinsi tərbiyə ilə bağlı istənilən yerdən mənbə əldə edə bilərlər. Amma 20 il  bundan qabaq belə deyildi”.

Bunu tanınmış pediatr Vaqif Qarayev AzEdu.az-a danışarkən  deyib.

“Mentallıq mane olur, nəticə faciəvidir”

O bildirib ki, hər bir ailənin cinsi tərbiyə ilə bağlı məsələlərə öz baxışı olmalıdır:

“Son zamanlar ölkədə reproduktiv sağlamlıq haqqında dərsliklər hazırlanır. Bilirsiniz, bununla bağlı cəmiyyətdə ajiotaj yaranıb. Məni narahat edən məsələ var. Sosial şəbəkələrdə bununla bağlı şərhlərlə tanış oluram. Məsələn, 100 rəydən az qala 90-nında “Bizə cinsi tərbiyə dərsi keçilmədi, böyümədik?” yazırlar. Halbuki siz başqa uşaqlar idiniz, indikilər tamam başqadır. İndiki uşaqlar cinsi tərbiyə ilə bağlı istənilən yerdən mənbə əldə edə bilərlər. Amma 20 il  bundan qabaq belə deyildi axı...

Digər tərəfdən mentallıq mane olur, lakin nəticə faciəvidir. Xüsusən qız uşaqlarında, pərdə deyilən bir şey var. O pərdə  həm sağlamlıq, həm də əxlaqi tərbiyəsi ilə bağlı yaxşı nəticə vermir. Pərdə feodalizm dövründən qalma bir şeydir. Mən demirəm ki, ailədə hər şey bütün çılpaqlığı ilə danışılsın. Buna baxmayaraq hər bir ailənin bu məsələlərə baxışı olmalıdır. Hər valideyn nəyi, necə başa salmaq istiqamətində ifadələri özü tapmalıdır”.

“Televiziyada yeniyetmə qızlar üçün son dərəcədə təhlükəli verilişlər var”

Pediatr qeyd edib ki, bizdə qızları müəyyən yaşa çatandan sonra ancaq ərə vermək üçün böyüdürlər:

“Ailə qurandan sonra onların sağlamlıqlarında problem üzə çıxır, aləm qarışır, iki ailə arasında qırğın başlayır və.s. Çox vaxt qızlarımız sağlamlıqla əlaqəli problemlərini valideynlərinə deyə bilmirlər. Həmin bu pərdədir, mane olan. Qızlar nəsə deməyi ayıb  hesab edir. Dediyim kimi nəticə pis olur. Oğlanlarla bağlı da eyni şeylər müşahidə edilir. Sonsuzluq artır. Baxırsan ki, hər iki tərəf ancaq ailə qurandan sonra bu işlərlə məşğul olurlar. Lakin bunu 5-10 il qabaq müayinə edib bilmək lazım idi.

4-5 yaşından sonra biz uşaqlara ən azından öz predmetlərindən – məsələn, bu sənin sətkanındır, qaşığındır və.s –bəhs etməliyik. 8-9 yaşından sonra artıq yatdığı yeri yığışdırmağı bacarmalıdır. Uşaqlar anasına ya da atasına ailədəki müəyyən işlərdə kömək etməyin öhdəsindən gəlməlidirlər. Biz bunları mütləq öyrətməliyik.

Bu gün televiziyalarımızda xüsusən yeniyetmə qızlar üçün son dərəcədə təhlükəli verilişlər var. O hələ anlamır, amma görür ki, əxlaqdankənar bir şey edən zaman məşhurlaşıb, televiziyaya çıxmaq olur. Hamı səni tanıyır. Oğlanlar da  bunun kimi..Bütün bu problemlər bütövlükdə cəmiyyətin işidir”.