Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-02 10:10:00
“Özəl universitetlər cəmiyyətə on minlərlə ‘’zay məhsul’’ buraxıblar”, “dövlət”lər də bərbad gündədir” – Sərt ittiham

 

Son zamanlar Azərbaycanda fəaliyyət göstərən özəl universitetlər medianın gündəmindədir. Bu təhsil müəssisələrinin fəaliyyəti təhsil ictimaiyyəti tərəfindən qənaətbəxş qiymətləndirilmir.

Bəs,  hansı özəl ali təhsil müəssisəsinin fəaliyyəti daha acınacaqlıdır? və ya hansının fəaliyyəti daha da genişləndirilməlidir?

“Özəl universitetlər cəmiyyətə on minlərlə ‘’zay məhsul’’ buraxıblar”

Mövzuyla bağlı AzEdu.az-a danışan Razi Nurullayev Azərbaycanda yaranan özəl universitetlərin xeyli hissəsinin təhsil üçün yox, asan yolla pul qazanmaq üçün yaradıldığını vurğulayıb:

“Hələ şükürlər olsun ki, xeyli hissəsi bağlandı və qadağan edildi. Amma onların ölkəyə vurduğu ziyanı, təhsilə vurduğu zərbəni hələ neçə onilliklər boyu hiss edəcəyik. Çünki, onlar cəmiyyətə on minlərlə ‘’zay məhsul’’ buraxıblar. Çox təəssüf edirəm ki, Azərbaycan valideynləri də çox zaman quru diplom arxasınca qaçıblar, “təki diplom olsun” deyiblər. Anlamayıblar ki, kor edilmiş, savadsız və biliksiz insan, diplomu olsa belə yenə də zombidir, cəmiyyətə yararsızdır”

Razi Nurullayevin fikrincə bu gün “zay məhsul” buraxmaqla məşğul olan kifayət qədər özəl ali təhsil müəssisəsi var:

“Onların adını çəkməyəcəyəm, sadəcə bir neçə bəyəndiyim universitetlərin adlarını açıqlayacağam: Zənnimcə, Xəzər Universiteti aralarında ən normalıdır. Qalanlarını deyə bilmərəm. Amma, dövlətin dəstəyi ilə yaradılan ADA Universiteti, Lomonosov və Seçenov adına Universitetlərin Bakı filialları, Azərbaycan-Fransa Universiteti, Ali Neft Məktəbi yüksək səviyyəli ali təhsil ocaqlarıdır.

Amma, bu o demək deyil ki, dövlət universitetləri normaldır. Əksinə, çox bərbad gündədir. Ümumiyyətlə, Azərbaycan təhsil çöküb, məhv edilib və edilməkdədir. Hələ də eşidirəm ki, Sumqayıt Universitetində, Bakı Kooperasiya Universitetində, xeyli kolleclərdə və digər buna bənzər təhsil müəssisələrində rüşvət tüğyan edir. Bu böyük cinayətdir və bunu edənlərə ömürlük həbs də azdır”.

“Dünyanın 1.000 universitetinin siyahısında olmayan istənilən ali məktəbin təhsilinin  çox aşağı olduğu qənaətindəyəm”.

Ümid Partiyasının sədri İqbal Ağazadə özəl universitetlər barədə o qədər də məlumatlı olmadığını vurğulayıb:

“Özəl universitetdə nə tanışım oxuyub, nə də özüm təhsil almışam. Beynəlxalq statistikaya baxdığımız zaman Xəzər Universitetindən başqa, heç bir özəl ali məktəb 3.000-lik siyahıya belə düşməyib. Dünyanın 1.000 universitetinin belə siyahısında olmayan istənilən ali məktəbin verdiyi təhsilin çox aşağı olduğu qənaətindəyəm”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları