Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-01 17:12:00
“Texniki Universitet Azərbaycan təhsilinə 3 ali məktəb qazandırıb” – “Politexnik” -68

“Azərbaycan Texniki Universitetinin bir neçə məzunu baş nazir və nazir müavini kimi fəaliyyət göstəriblər.SSRİ dövründə ölkənin rəhbəri olublar. Hazırda Almaniyada 100.000-ə yaxın işçisi olan şirkətdə vitse-prezident vəzifəsində çalışan məzunumuz var”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı AzTU-nun ictimaiyyətlə əlaqələr şöbəsinin  rəhbəri   Nicat Abdullayev deyib.

Onun sözlərinə görə, universitetin məktəb formasında olan “rüşeymi”nin əsası XIX əsrin əvvəllərinə təsadüf edir:

“Azərbaycanda ilk texniki təhsil verən məktəb XIX əsrin əvvəllərində yaranıb. XX əsrin birinci onilliyindən sonra bu texnikom halına, peşə məktəbinə çevrilir. 1920-ci ildə Nəriman Nərimanovun dekreti əsasında  Azərbaycan Politexnik İnstitutu yaradılır. 40-50-ci illərdə Azərbaycanda neft sənayesinə o qədər ehtiyac olur ki, ixtisasların əksəriyyəti neft çıxarma, dağ-mədən araşdırmaları istiqamətində açılır. 1950-ci ildə isə Azərbaycan Texniki Universiteti yaradılır və həmin vaxtdan bugünə qədər fəaliyyət göstərir”

Nicat Abdullayev AzTU-nun Azərbaycan təhsilinə verdiyi töhfələr barədə danışıb:

“1950-ci ildə bizim universitetin bazasından Neft və Sənaye Universiteti ,1975-ci ildə isə Memarlıq və İnşaat Universiteti, 1975-80-ci illərdə də Azərbaycan Texnologiya Universiteti ayrılır. Beləliklə, AzTU Azərbaycan təhsilinə 3 böyük universitet qazandırıb.

AzTU-nun 10 minə yaxın tələbə heyəti, tərkibində 2 texniki kollec fəaliyyət göstərir. 700-ə yaxın professor-müəllim heyətimiz var. Azərbaycanda texniki istiqamətdə sənayenin bütün sahələri üzrə kadrlar hazırlanır. Azərbaycanı metallurgiya ölkəsi kimi xarekterizə etmək olar. Bu istiqamətdə də yüksək ixtisaslı kadr hazırlığını həyata keçirən yeganə universitet AzTU-dur. Bir çox tanınmış məzunlarımız olub. Bir neçə məzunumuz baş nazir və nazirin müavini kimi fəaliyyət göstəriblər. SSRİ dövründə ölkənin rəhbəri olublar. Hazırda Almaniyada 100.000-ə yaxın işçisi olan şirkətdə vitse-prezident vəzifəsində çalışan məzunumuz da var”

Xatırladaq ki, bu gün Azərbaycan Texniki Universitetinin yaranma günüdür.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları