Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-01 11:48:18
Bakıda keyfiyyətli tibb təhsili ilə Tibb Universitetini qabaqlayan filial – Qəbul qaydaları, tədris prosesi

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 15 may 2015-ci il tarixində yaradılıb.

Azərbaycanda  Tibb Universitetinə rəqib hesab olunan ali məktəbin fəaliyyəti barədə əksər insanların, xüsusilə abituriyentlərin məlumatı yoxdur.

AzEdu.az İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı haqda ümumi məlumatları və ali məktəbə qəbul qaydalarını təqdim edir:

Filialda tədris rus dilində aparılır. Tədris fəaliyyəti İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin tədris plan və proqramları əsasında həmin ali məktəbin professor-müəllim heyəti tərəfindən həyata keçirilir. Məzunlara İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin diplomu təqdim edilir.

Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2015-ci il tarixli Sərəncamı ilə Əziz Cəmil oğlu Əliyev filialın rektoru vəzifəsinə təyin edilib.

Universitetin yaradılmasında məqsəd Azərbaycanda tibb təhsilinin təkmilləşdirilməsi və bu sahədə dünyanın nüfuzlu ali təhsil mərkəzləri ilə əlaqələrin genişləndirilməsindən, həmçinin, ölkə vətəndaşlarının Rusiyanın tibb təhsili müəssisələrində oxumaq arzusunun təmin olunmasından ibarətdir. Bakı filialının konfrans zalında filialın və Moskvadakı universitetin müəllimləri arasında onlayn rejimində seminarlar, veb-konfranslar, telekörpülər keçirilir. Ali təhsil ocağında yaradılan Simulyasiya mərkəzi – müasir simulyasiya texnologiyalarının tətbiqi ilə fəaliyyət göstərən innovasiya-təhsil meydançasıdır. Bu mərkəz tələbələrin praktiki klinik elmlərə yiyələnməsi üçün nəzərdə tutulub.

Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti Bakıda yaradılan filialın kadrlarla təminatına və tədris prosesinin təşkilinə metodoloji dəstək verir. Tədris əsasən, universitetin professor-müəllim heyəti tərəfindən yeni nəsil Rusiya dövlət təhsil standartlarına uyğun aparılır. Eyni zamanda, tədris prosesinə dünyada tanınmış Rusiya alimləri cəlb olunurlar. Filialda həkim-mütəxəssislərin hazırlanması zamanı innovativ təhsil texnologiyaları tətbiq olunur və master-klaslar keçirilir.

Filialdakı kimya, fizika, biologiya auditoriyaları da ən müasir avadanlıqla təchiz olunub və peşəkar mütəxəssislərin yetişdirilməsinə imkan verir.

Bu laboratoriyalar müəllim və tələbələr üçün avtomatlaşdırılmış işçi yerləri, multimedia kursları üçün interaktiv lövhələrlə təmin olunub. Anatomiya zalında 3D anatomiya masası vasitəsilə virtual anatomiya tətbiq edilir. Zalda, həmçinin, insan bədəninin sintetik zülalından əzələ modeli də var. Bu modeldə əzələlərin tərkibi insan əzələlərinə tam uyğundur.

Universitetə tələbə qəbulu qaydaları:

DİM-in IV ixtisas qrupu üzrə keçirdiyi qəbul imtahanında müvafiq balı toplayan abituriyentlər əlavə olaraq aşağıda qeyd olunan fənlər üzrə imtahan  verməlidirlər:

rus dili (testlə)

kimya (testlə)

Pullu yerlər üçün müsabiqədə tam orta təhsili olan, DİM-in IV qrup üzrə keçirdiyi test imtahanlarında 300 və daha çox bal toplayan Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər.

Müsabiqə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin yaratdığı Qəbul Komissiyasının keçirdiyi imtahanların nəticələri əsasında aparılır.

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına sınaqlardan keçməyən abituriyentlər heç bir məhdudiyyət qoyulmadan DİM tərəfindən digər ali təhsil müəssisələrinə keçirilən müsabiqədə iştirak edə bilərlər.

Təhsil haqqı 3000 AZN təşkil edir.

İmtahanlar rus dilində keçirilir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları