Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-01 10:00:00
Azərbaycanda gələcəkdə hansı nəhəng universitetlərin filialları açılacaq? – Prorektordan xoş proqnoz

“Gələcəkdə Azərbaycanda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun, Ali İqtisadiyyat Məktəbinin və Rusiya Dövlət Humanitar-İqtisadiyyat Universitetinin filiallarının açılması nəzərdə tutulur. Azərbaycandan isə yalnız UNEC-in Dərbənddə filialı fəaliyyət göstərir”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Bakı Mühəndislik Universitetinin prorektoru Elçin Süleymanov deyib. Onun sözlərinə görə, xarici ölkə universitetlərinin Azərbaycanda filiallarının fəaliyyət göstərməsi  ali təhsilin inkişafina təkan verir:

“Ümumiyyətlə, ölkədə ali təhsil cəmiyyətin və iqtisadiyyatın inkişafına müsbət təsir edir. Ali təhsilli insanların çoxluğu cəmiyyətin hər cəhətdən inkişaf etməsinə şərait yaradır. Sadəcə, dövlət tərəfindən standartlar müəyyən edilməli və ona nəzarət olunmalıdır. Çünki tələbənin aldığı diplom sonradan onun karyerasına və cəmiyyətə faydalı olmalıdır. Son illərdə Azərbaycanda xarici universitetlərlə əməkdaşlıq artan templə inkişaf edir. Universitetlər Boloniya prosesinin imkanlarından istifadə edərək tələbə və müəllim mübadiləsi həyata keçirirlər. Eyni zamanda, bəzi universitetlərlə ikili diplom proqramı həyata keçirilir”.

“Ali məktəblərin Azərbaycanda filial açması dövlətlərarası müqavilələrlə hələlik Fransa və Rusiya tərəfindən reallaşıb”

Elçin Süleymanov xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən ali məktəblərini sadalayaraq, onların fəaliyyəti barədə danışıb:

“Fransa və Azərbaycan hökumətinin müqaviləsi ilə UFAZ və Rusiyanın iki universitetinin - M.V.Lomonosov adına Moskva Dövlət Universiteti və İ.M.Seçenov adına Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir. Gələcəkdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun, Ali İqtisadiyyat Məktəbinin və Rusiya Dövlət Humanitar-İqtisadiyyat Universitetinin filiallarının açılması nəzərdə tutulur. Azərbaycandan isə yalnız UNEC-in Dərbənddə filialı fəaliyyət göstərir. Ümumiyyətlə, Azərbaycan universitetlərinin filiallarının heç olmasa Gürcüstanda, azərbaycanlıların və ya SOCAR-in investisiyalarının çox olduğu ölkələrdə açılması faydalı olar.

Hazırkı filialların iş prinsipinə əsaslanıb  demək olar ki, bu fəaliyyətlər təhsilin inkişafına müsbət töhfə verir. Xüsusi ilə xaricə getmək istəyib də müəyyən səbəblərdən gedə bilməyənlər üçün bu, əla fürsətdir. Tələbələr ölkəni tərk etmədən nüfuzlu universitetin diplomunu alırlar. Sadəcə, bu universitetlərin filiallardakı tədris standartı ilə əsas  kampusdakı standartların çox fərqlənməməsinə fikir vermək lazımdır”.

“Türkiyənin Anadolu Universitetinin Bakıda təmsilçiliyi olsa da, distant təhsil verdikləri üçün bizim təhsil standartlarımızla müəyyən problemlər ortaya çıxarır”

Prorektor hesab edir ki, UFAZ-ın partnyoru olan  Fransanın Strasburq Universiteti, həm də adlarını qeyd olunan Rusiya universitetləri dünyanın reytinqli ali məktəblərindəndir:

“Bu universitetlərin ölkəmizdə sayının artması tələbələrə faydalı olması ilə yanaşı, rəqabət mühitini də artıraraq digər universitetlərin inkişafına stimul verəcək. Rəqabətdən ancaq inkişaf doğar. Sadəcə rəqabətin azad şəkildə həyata keçirilməsinə diqqət etmək lazımdır. Gələcək illərdə Azərbaycanda sadaladığım ölkələr xaricində, Amerika və Türkiyə universitetlərinin  filiallarının açılması faydalı olardı. Düzdür, Türkiyənin Anadolu Universitetinin Bakıda təmsilçiliyi var. Amma onlar distant təhsil verdikləri üçün bizim təhsil standartlarımızla müəyyən problemlər ortaya çıxarır. Məsələn, qonşu Gürcüstan və Orta Asiya türk dövlətlərində onlarla xarici ölkə universitetlərinin filialları mövcuddur və onların məzunları ölkənin inkişafına töhfə verirlər. Bu addımı ancaq alqışlamaq lazımdır”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları