Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-31 16:46:00
Sərdar Cəlaloğlu: "Özəl sektorda təhsilin təşkili pul qazanmağa xidmət etdiyinə görə ən yaxşı universitetlər siyahısına düşə bilmirik"

“Azərbaycanda təhsilin vəziyyəti o qədər ağırdır ki, universitetlər demək olar ki, yüksək səviyyəli kadrlar hazırlamır. Tələbələr bilik yarışlarında və digər məsələlərdə dünya miqyasına çıxa bilmirlər. Dünyanın ən məşhur universitetləri içərisində Azərbaycanın bir ali məktəbi belə yoxdur”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib. Onun sözləriylə desək, ölkədə təhsil siyasəti iflasa uğrayıb:

“Aydın təhsil konsepsiyamız yoxdur. Verilən təhsilin keyfiyyəti aşağıdır. Bütün dünyada özəl universitetlər ən yüksək təhsil verdiyi halda, Azərbaycanda bir neçə universitet istisna olmaqla, özəl ali məktəblər təhsil almaq yox, sənəd almaq istəyənlərə diplom verməklə məşğuldur. Təhsilin vəziyyəti o qədər ağırdır ki, universitetlər demək olar ki, yüksək səviyyəli kadrlar hazırlamırlar. Tələbələr bilik yarışlarında və digər məsələlərdə dünya miqyasına çıxa bilmirlər”.

Sərdar Cəlaloğlu dünyanın ən  məşhur universitetləri içərisində Azərbaycanın bir ali məktəbinin belə olmamasından söz açıb:

“Bu o deməkdir ki, ölkənin verdiyi təhsil dünya tərəfindən qəbul olunmur. Bizim universitetlərin diplomunu dünya təsdiq etmir. Bunun əsas səbəbi təhsilin beynalxalq standartlara uyğun olmamasıdır. Xüsusilə özəl sektorda təhsilin təşkili pul qazanmaq, saxta diplom verməyə xidmət etdiyinə görə keyfiyyətli təhsildən söhbət belə gedə bilməz”.

Xatırladaq ki, ABŞ-ın “U.S. News and World Report” dərgisi təhsil səviyyəsinə görə dünyanın ən yaxşı 1250 universitetinin siyahısını dərc edib. Siyahının geniş olmasına rəğmən, təəssüf ki, orada heç bir Azərbaycan universiteti yer almayıb.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları