Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-06 17:52:00
MDU-nun istedadlı tələbələri peşəkar səhnədə

2024-cü ilin 05 may tarixində  Mingəçevir Dövlət Dram Teatrının səhnəsində Üzeyir Hacıbəylinin “Ər və arvad” operettası əsasında səhnələşdirilmiş eyniadlı tamaşa nümayiş olunub. Mingəçevir Dövlət Universitetinin (MDU) tələbələri və magistrantlarının səhnələşdirdiyi tamaşa Mingəçevir şəhər ictimaiyyəti tərəfindən böyük maraq və alqışla qarşılanıb.

 

AzEdu.az xəbər verir ki, tamaşaya quruluş verən Turqut Məsimli, Paşa Salmanov, quruluşçu  rejossor Nərgiz Rüstəmovadur. Əsərin səhnələşdirilməsində, tamaşanın quruluşunda və geyim seçimində teatrın aktyoru Amil Fərzəliyev tələbələrə xüsusilə dəstək göstərib.

 

Əsərdə ailə-məişət mövzusu çox ardıcıl və dinamik şəkildə açılır, Azərbaycan qadınının ailə və cəmiyyətdəki kölə vəziyyətinə etiraz səslənir. Tamaşanın baş rollarında “Minnətxanım” obrazında Aytən Həsənzadə,“Mərcanbəy” obrazında Qabil Yusifli oynayıblar. Digər rolları isə Sədiqə Sadıqova, Abbasəli Abbaszadə, Kamran Hümbətov, Nihat Abdullayev, Qorxmaz Rəhimli, Nail Salmanov, Yetər Nuhova ifa ediblər.Yüksək akademik göstəriciləri olan MDU tələbələrinin yaradıcılıq qabiliyyətləri və onların hərtərəfli inkişafı MDU ailəsinin sonsuz sevincinə səbəb olub.

 

Qeyd edək ki, dahi bəstəkar, Şərqdə ilk operettanın banisi Ü.Hacıbəylinin bu tamaşası ilk dəfə 1910-cu ildə səhnələşdirilib. Yüz ildən çox vaxt keçsə də, əsər öz mahiyyətini, gözəlliyini və mənasını itirməyib. MDU tələbələri bu əsəri yenidən səhnələşdirməklə müasir gəncliyi Üzeyir bəy yaradıcılığı ilə tanış etmək, eyni zamanda, az qala hər gün rastlaşdığımız ailə-məişət problemlərini ictimaiyyətə çatdırmağa çalışıb.