Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-22 17:35:00
AzMİU futzal komandası Tələbə Liqasının final mərhələsinə yüksəlib

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) futzal komandası ölkəmizdə ilk dəfə təşkil olunan ali təhsil müəssisələri arasında Azərbaycan Tələbə Liqasının final mərhələsinə yüksəlib. 

 

AzEdu.az xəbər verir ki, tələbə Liqası Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və AFFA-nın dəstəyi ilə keçirilir.

 

AzMİU və Azərbaycan Texniki Universiteti (AzTU) futzal komandalarının qarşılaşdığı yarışda universitetimizin komandası 3:0 qalib gələrək final mərhələsinə yüksələ bilib. Komandamızın üzvləri Vəkil Eminov 2 qol, Nurlan Allahverdiyev 1 qolla seçilməyi bacarıb.  

 

Finala yüksələn komandamızın növbəti rəqibi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası olacaq. May ayının 3-də keçiriləcək final oyununda komandamıza uğurlar arzulayırıq. 

 

Qeyd edək ki, AzTU-nun idman kompleksində 12 ali təhsil müəssisəsinin komandalarının mübarizə apardığı yarış ötən ilin noyabr ayında start götürüb və bu ilin may ayında yekunlaşacaq. Yarışlarda I, II, III yerləri tutan komandalar diplom, kubok, pul mükafatı ilə, liqada fərqlənən 3 tələbə-futbolçu isə “Ən yaxşı qapıçı”, “Ən məhsuldar oyunçu” və “Ən gənc oyunçu” nominasiyaları üzrə xüsusi mükafatla təltif olunacaq.