Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-22 09:03:00
“Tarixdə bu gün” - 22 apreldə nələr baş verib?

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.

 

22 aprel tarixində baş vermiş əhəmiyyətli hadisələrə nəzər salaq.

 

22 aprel Beynəlxalq Yer günüdür:

 

1990-cı ildən başlayaraq “Yer günü”nün əsas mövzusu təbii mühiti ilkin formada qoruyan Milli Parklara həsr edilib. Məqsəd, xüsusi mühafizə olunan təbiət ərazilərində mövcud olan problemlərə, həmin problemlərin həll edilməsi üçün real praktiki və maliyyə yardımının göstərilməsinə ictimaiyyətin diqqətini cəlb etməkdir.

 

22 aprel 1918-ci ildə Zaqafqaziya Demokratik Federativ Respublikası (seymi) yaradıldı:

 

Bu federasiyada Azərbaycan, Gürcüstan və Ermənistan birləşmişdi. Azərbaycandan 5 nümayəndə, o cümlədən Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli federasiya hökumətində təmsil olunurdular. Lakin Qafqaz respublikasının ömrü az oldu. Mayın 26-da Gürcüstanın çıxması ilə federasiya süquta uğradı.  

 

22 aprel 1920-ci ildə Rusiya Kommunist partiyası Qafqaz əyalət komitəsinin Bakı bürosu “Azərbaycanda silahlı üsyanın başlanması” barədə qərar qəbul etdi:

 

Bundan cəmi 5 gün sonra Azərbaycan Demokratik Cümhuriyyəti fəaliyyətini dayandırmağa məcbur oldu.  

 

22 aprel 1994-cü ildə Azərbaycanla Əlcəzair arasında diplomatik əlaqələr qurulub:

 

Əlcəzair Xalq Demokratik Respublikası 1991-ci ilin 26 dekabr tarixində Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb. Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında (Əlcəzair şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsinə dair Azərbaycan Respublikasının Prezidenti 28 noyabr 2014- cü il tarixli, 894 saylı sərəncam imzalayıb.