Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-08 16:01:00
Uşaqlarda telefon “xəstəliyi”nin fəsadları: Piylənmə, aqressiya...

Günümüzdə əsas problemlərdən biri də uşaqların telefona olan asılılığıdır. Belə ki, uşaqlar vaxtının çox hissəsini telefondan istifadə etməklə keçirirlər. Texnoloji alətlərin uzun müddət istifadəsi uşaqlarda inkişaf porblemlərinə və akademik uğursuzluğa səbəb olur. 

 

Maraqlıdır, bu məsələdə valideynlərin üzərinə düşən öhdəliklər nələrdir?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən psixoloq Gülnar Orucovanın sözlərinə görə telefon bir müddət uşağı sakitləşdirməyi bacarsa da, daha sonra onun aqressiv olmasına gətirib çıxaracaq:

 

“Bu gün valideynlərin əksəriyyəti “uşaqlarımızı telefondan necə xilas edək?” sualını verir, lakin təəssüflər olsun ki, “mən səhvi harada etdim ki, uşağım telefondan asılı oldu?” sualını özünə vermir. Uşaq yemək yeməyən vaxt valideynlər telefonu uşağa verib və cizgi filmlər izlətməyə başlayırlar. Bu da öz növbəsində uşağı cəlb etməyə başlayır. Çünki o cizgi filmləri hazırlayan insanlar kadrları tez-tez dəyişib rəngli etməklə uşaqların diqqətini özlərinə cəlb etmək istəyirlər. Uşaqlarda həmin cizgi filmlərə baxaraq qidalanmağa başlayırlar. Belə olan halda valideyndə rahat olur ki, “mənim uşağımın qarnı toxdur”.  Amma valideyn düşünmür ki, “Övladıma istəməyərək, onu məcbur edərək yemək yedirtdim”. Bu kimi hallar uşaqlarda doyma hissinin olmamasına, piylənməyə və s. kimi ciddi problemlərə yol aça bilir.

 

Elə valideynlər  də var ki, uşaqları sakit olsun, dağıdıb- sındırmasın, ağıllı şəkildə otursun deyə onlara telefon verirlər. Hətta bəziləri övladının telefonda hər hansı bir proqramı istifadə etməyini bilməsini “bacarıq” kimi qiymətləndirirlər. Lakin bu bacarıq deyil. Bu yalnız uşaqda avtomatlaşmış yaddaşı formalaşdırır. Əslində telefon bir müddət uşağı sakitləşdirsə də, daha sonra onun aqressiyalaşmasına səbəb olacaq”.

 

Psixoloq qeyd edib ki, valideynlər övladlarına zaman ayırmağı bacarmalıdır:

 

“Belə olan halda nə etmək lazımdır? İlk növbədə uşaqları aşağı yaşlardan telefona alışdırmamalıyıq. Çalışmaq lazımdır ki, onlar cəmiyyət arasında sosiallaşa bilsinlər. Əgər onlar yemək yemirsə, bu zaman uşaqları yemək yeməyə məcbur etməməliyik. Vəziyyətdən çıxış yolu kimi fərqli yeməklər bişirib, fərqli qablarda və dizaynda övladlarımıza təqdim edə bilərik. Əsas məsələlərdən biri də valideynlərin övladlarına zaman ayırmasıdır. Çünki valideynin vermədiyi diqqəti, uşaq telefonda axtarmağa başlayır”, - deyə fikrini yekunlaşdırıb.