Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-06 11:28:30
AzMİU-da "Məzunlarımızı tanıyaq" layihəsinə start verilib 

Azərbaycan Memarlıq və İnşaat Universiteti(AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK)  təşkilatçılığı ilə "Məzunlarımızı tanıyaq" adlı layihəyə start verilib. 

 

AzEdu.az xəbər verir ki, layihənin qonağı isə AzMİU-nun Tikinti-iqtisad fakültəsinin məzunu, Biznes və maliyyə savadlılığı üzrə peşəkar təlimçi, “Rodoos Training and Consulting" şirkətinin təsisçi və direktoru Rafət Şirəliyev olub. 

 

Məzunlarımız və tələbələrimiz arasında körpü yaratmaq, öz ixtisası üzrə uğurlu gənclərin tanıdılmasına xidmət edən görüş Rafət Şirəliyevin dəyərli fikir və məsləhətləri ilə yadda qalıb.

 

Görüşdə THİK sədri Şahmar Rəfili çıxış edərək Rafət Şirəliyevi tələbələrə təqdim edib və "Məzunlarımızı tanıyaq" layihəsi haqqında məlumat verib. O, qeyd edib ki, layihə   tələbələrə məzunlarımızı tanıtmaqla yanaşı, istehsal sahəsindən gələn mütəxəssislərlə tələbələr arasında sağlam mühit formalaşdıracaq, peşə motivasiyalarını yüksəldəcək. 

 

Söz layihənin ilk qonağı, məzunumuz Rafət Şirəliyevə verilib. Auditoriya qarşısında  çıxış edən Rafət Şirəliyev özünün tələbəlik xatirələrini bölüşüb, ona dərs deyən müəllimlərini yada salıb.  Uğur hekayəsi və bu yolda qazandığı təcrübələri tələbələrimizlə bölüşüb, universitetdə onlar üçün yaradılan şəraitdən səmərəli istifadə etməyə çağırıb. 

 

Tələbələrdə yüksək maraq doğuran görüş interaktiv formada davam edib.

 

Qeyd edək ki, layihə mütəmadi olaraq tələbələrlə AzMİU məzunlarının görüşünü təşkil edərək istehsalatdan olan mütəxəssislərlə birbaşa ünsiyyətinə şərait yaradacaq, karyera yolunda dəstək göstərəcək, peşə motivasiyalarını artıracaq.