Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-04 16:00:47
MDU-da Aprel döyüşlərinin ildönümü qeyd olunub

2024-cü il aprelin 3-də Mingəçevir Dövlət Universitetində (MDU) Aprel döyüşlərinin ildönümünə həsr olunmuş “Zəfərə gedən 4 günlük yol” adlı ədəbi-bədii tədbir keçirilib.

 

Universitetdən AzEdu.az-a bildirilib ki, MDU-nun Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin (TVİM) və Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşkilatçılığı ilə təşkil olunan tədbirdə şəhid ailələrinin üzvləri, universitetin akademik və inzibati heyəti, tələbə və magistrantlar iştirak edib.

 

Əvvəlcə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 

Tədbiri TVİM-in koordinatoru Minayə Hüseynova açaraq öncə MDU-nun rektoru adından hər kəsi salamlayıb. O, səkkiz il il əvvəl erməni təxribatına cavab olaraq həyata keçirilən qısamüddətli hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi şanlı qalibiyyətindən bəhs edib. Bildirib ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə başlayan, gələcək qələbələrimizin əsasını qoyan dördgünlük müharibənin, bu müharibədə hərbçilərimizin göstərdiyi şücaətin nəticəsi olaraq Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklərin, Qazaxlar və Suqovuşan kəndləri istiqamətindəki yolların, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı ərazilərinin, Goranboy rayonu Gülüstan kəndinin düşməndən azad olunması öz strateji əhəmiyyətilə tarixi qələbəmizin başlanğıcı olub. Aprel qələbəsi Azərbaycan xalqının gücünü, birliyini və əzmini dünyaya göstərən 44 günlük Vətən Müharibəsində qazanılan Zəfər üçün mühüm zəmin yaradıb. M.Hüseynova qeyd edib ki, Qələbə sevincini xalqımıza yaşadan igidlərimizi heç zaman unutmayacaq, keşməkeşli Azərbaycan tarixinin bütün dövrlərində Vətən yolunda böyük şücaət və fədakarlıq göstərən şəhidlərimizin əziz xatirələrini daim uca tutacaq, onların qəhrəmanlıqları böyük ehtiramla anılaraq gələcək nəsillərə çatdırılacaqdır. Sonra Aprel şəhidlərinə həsr olunan videoçarx nümayiş etdirilib. Tədbir ədəbi-bədii hissə ilə davam etdirilib. MDU-nun əməkdaş və tələbələrinin təqdimatında vətənpərvərlik mövzusunda müxtəlif şeir və musiqi kompozisiyaları ifa olunub.

 

Qeyd edək ki, MDU-da tarixi günlərə həsr edilmiş tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirilir, tələbə gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi məqsədilə onlar arasında müvafiq maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsinə önəm verilir.