Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-03 11:15:00
“Qarabağda tibb üzrə işləmək istəyirəm” – 300 bal toplayan ŞAGİRD

11 illik orta təhsil səviyyəsi üzrə 3 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri dünən elan olundu.

 

İmtahan iştirakçıları arasında 14 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

 

Onlardan biri də 257 nömrəli tam orta məktəbin şagirdi Fidan Rüstəmlidir.

 

AzEdu.az Təhsil Portalı olaraq Fidan Rüstəmli ilə əlaqə saxladıq. O, təəssüratlarını bizimlə bölüşüb.

 

Müsahibimiz qeyd edib ki, 300 bal toplayacağına çox ümidli idi:

 

“Amma nəticələr açıqlanmamışdan əvvəl bu haqda əminliklə danışmaq istəmirdim. Düşünürəm ki, yüksək nəticə göstərmək üçün ən başlıca məqam məqsəd və inamın olmasıdır. Hazırda 4-cü qrup üzrə hazırlaşıram. Məqsədim Azərbaycan Tibb Universitetində Tibb təhsili almaqdır”.

 

Həmsöhbətimiz gələcəkdə yaxşı bir həkim olmağı qarşısına məqsəd qoyduğunu söyləyib:

 

Tibb üzrə rezidenturanı xaricdə oxumaqla ölkəmə qayıdıb burada, xüsusilə də Qarabağ zonasında fəaliyyət göstərmək istəyirəm”.

 

Maksimum nəticə toplayan abituriyent kimi Fidan da şagirdlərə tövsiyələrini qeyd edib:

 

“Mən həmişə hazırlaşanda DİM -dən gələn 300 bal mesajını gözümün önünə gətirirdim.  Abituriyentlər öz zəif nöqtələrini hər kəsdən  yaxşı bilirlər. Hər zaman həmin zəif nöqtələrin üzərində daha çox çalışmışam. Hamıya də bunu tövsiyə edirəm. Heç zaman sınaqlardan, testlərdən və s. nisbətən zəif nəticə gələndə motivasiyadan düşməsinlər. Məncə, məqsədini not şəklində yazıb üstündə gəzdirmək yaxşı olar. Mən həmişə motivasiyadan düşəndə onları oxuyur və ruhlanaraq yenidən dərslərimə qayıdırdım. Disiplin də mütləq şərtdir. İmtahandan 1 ay əvvəl sınaqlara önəm versinlər. Özləri üçün evdə imtahan şəraiti yaratsınlar və o mühitə hazır olsunlar".

 

Müsahimiz sonda ailə üzvlərim, xüsusilə də valdeyninə, əziyyəti olan bütün müəllimlərinə, məktəb rəhbərliyinə təşəkkürünü bildirib.  

 

Qeyd edək ki, Fidan Rüstəmli "20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səlnaməsidir" mövzusunda inşa-yazı müsabiqəsində rayon üzrə 3-cü yerə layiq görülüb. 9-cu sinifdə Respublika Fənn Olimpiadasında Azərbaycan dili fənni üzrə finalda iştirak hüququ qazanmış şagirdlərdən biri olub.