Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-28 14:15:00
İnsanlarda təhsilimizlə bağlı ümidsizlik hakimdir – Səbəbi nədir?

“Neqativ halları yaymağa üstünlük verməyimizin nəticəsidir ki, bu gün insanlarda təhsilimizlə bağlı ümidsizlik hakimdir”

 

Bu ifadəni AzEdu.az-a açıqlamasında təhsil jurnalisti Ruhiyyə Daşsalahlı qeyd edib.

 

O, bildirib ki, hər sahə üzrə çalışan jurnalistlər diqqətli olmalıdırlar:

 

“Zorakılıq qurbanı olan qadın və uşaqlarla bağlı xəbərlərdən tutmuş təhsilə qədər hər məsələdə ehtiyatlı olmağa, davranışımızın nəticələrini hesablamağa çalışmalıyıq. Yanlış informasiya isə qəbuledilməzdir. Düşünmədən bir informasiyanı yayıb ağır nəticələrə səbəb olmaq ayrı məsələdir, bilərəkdən yanlış informasiya yaymaq isə ayrı problemdir. Yanlışlığa yol verməmək üçün faktı yoxlamaq işimizin vacib parçasıdır.

 

Neqativ halları yaymağa üstünlük verməyimizin nəticəsidir ki, bu gün insanlarda təhsilimizlə bağlı ümidsizlik hakimdir. Bunda biz jurnalistlərlə yanaşı, məktəblərdəki icraçıların da rolu var”.

 

Həmsöhbətimiz qeyd edib ki, fakt düzgün olsa da, onun təqdimatı da önəmlidir:

 

“Fakt varsa, aşkarlanmalı, ictimailəşməlidir, bu, birmənalıdır. Amma həmin faktın cəmiyyətə təqdimatına diqqət edə bilərik. Təhsilin başqa sahələrdən üstünlüyü varmı? Bütün sahələr üzrə işləmişəm. Təhsil çox maraqlı, çoxşaxəli sahədir. Müəllimlər, şagirdlər, həyatlar... bir jurnalist üçün həmişə mövzu var. Üstəlik, bu sahədə hər gün yeniliklər olur”.