Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-28 12:09:00
Valideyn-övlad münasibəti: Dəstək olmağa həvəsləri və vaxtları YOXDUR

Bu gün valideynlərin övladlarına dəstək olmağa nə həvəsi, nə də vaxtları var.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında psixoloq Gülnar Orucova vurğulayıb.

 

Gülnar Orucova qeyd edib ki, Azərbaycanda uşağa tərbiyə verilməsində ananın rolu böyükdür:

 

“Azərbaycanda bir çox məqamda ailədə ananın üzərinə daha çox yük düşür. Məsələn dünya təcrübəsində yemək hazırlamaq təkcə ananın deyil, atanın da məsuliyyətlərindən biridir. Lakin ölkəmizdə atanın yemək bişirməsini istisna hallarda görürük. Bu təkcə yemək hazırlamaqda deyil, başqa nüanslarda da belədir. Onlara görə kişinin tək fəaliyyəti işləyib evə pul gətirməkdir və kişilərə evdə baş verən heç bir problemi demək olmaz. Lakin uşaq nə isə səhv edəndə ataya deməklə qorxudulur. Eləcə də bu proses dərsdə də özünü göstərir”.

 

Psixoloq bildirib ki, ataların çoxu övladının təhsili ilə maraqlanmır:

 

“Məlum məsələdir ki, dərs proqramı uşaqlar üçün ağırdır. Nəinki uşaqlar, onların valideynləri belə həmin tapşırıqları etməkdə çətinlik çəkirlər. Hesab edirəm ki, biz övladımızla bərabər oxumağa çalışsaq, bu asan olar. Amma hazırda ataların əksəriyyəti övladının maddi tələbatını ödəməyə yönəlib. Uşaqlarına qayğı az göstərirlər. “İşdən gəlmişəm”, “Yorulmuşam” kimi ifadələrlə onlarla məşğul olmaqdan imtina edirlər. Halbuki övladımıza 2 dəqiqədə vaxt ayırıb qayğı vermək o qədər də çətin deyil. Təkcə atalar deyil, analar da övladlarına dərslərdə yardım göstərmək istəmir və onları daha kiçik yaşlardan repetitor yanına qoyurlar”,- deyə fikrini tamamlayıb.