Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-18 14:13:00
Buraxılışda az bal toplayan 9-cular məktəbdən uzaqlaşdırıla bilər?

17 mart Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirildi.

 

Sosial şəbəkələrdə 9-cu siniflərin buraxılış imtahanlarında çox aşağı nəticə bal (0 və ya 10 bal) göstərən şagirdlərin məktəblərdən uzaqlaşdırılması üçün cəhdlər edildiyi iddia olunur. Bəzi valideynlər ittihamları məktəb direktorlarına yönəldir, onları övladlarını 10-cu sinfə buraxmaq istəməməkdə günahlandırırlar.

 

Məsələ ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, şagirdlər əldə etdiyi nəticədən asılı olmayaraq yuxarı təhsil pilləsinə keçə bilərlər:

 

“Çünki təkcə 9-cu sinif buraxılış imtahanı yekun fənlər üzrə qiymətləndirmədə əsas rol oynamır. Yalnız attestatda buraxılış imtahanında olan Azərbaycan dili, ingilis dili, riyaziyyat fənlərindən imtahan qiymətləri qeyd olunur. Əgər kimsə, 9-cu sinif buraxılış imtahanından çox aşağı nəticə göstərdiyinizə görə 10-cu sinfə keçə bilməyəcəyinizi deyirsə, bu, tamamilə yanlışdır”.

 

Elçin Əfəndi vurğulayıb ki, icbari təhsil 9 illikdir. 10-11-ci sinifdə təhsil almaq isə şagirdin öz istəyindən aslıdır:

 

“Hətta bəzi hallarda eşidirik ki, bəzi məktəb direktorları 9-cu sinif buraxılış imtahanından nəticəsi zəif olan şagirdləri məktəbdən çıxarmaq üçün cəhd edirlər. Bu heç də doğru deyil. Həmin şagird 9-cu sinifə qədər təhsil alıb, uğurlu nəticə əldə edə bilmirsə, burada məktəbin də günahı var. Şagirdlərin bu səbəbdən məktəbdən kənarlaşdırılması qəbuledilməz haldır”.