Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-15 13:17:00
Müəllimin jurnalisti tənqid etdiyi serial narazılıq yaratdı, prodüser cavab verdi

"İctimai TV"nin efirində yayımlanan "Gündəlik" serialında müəllim və jurnalist arasında dialoq sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Sözügedən kadrlarda müəllim şagirdlərin gözü önündə jurnalisti sərt tənqid edir, onun bilik və bacarıqlarını sorğuya çəkir. Bəzi jurnalistlər sosial media hesablarında serialda peşələrinin haqsız qınandığını bildirir. 

 

Müəlliflər deyir ki, “Gündəlik”də olan hekayələr bizlərə hər gün rastlaşdığımız, lakin bəzən görmək və qəbul etmək istəmədiyimiz həyat hadisələrindən bəhs edir. "Bu serialda hər kəs özünü tanıyacaq", - layihə müəllifləri qeyd edir. 20 seriyadan ibarət olan bədii serialın 9 bölümü yayımlanıb. Ekran əsərində hadisələr “Maarif” adlı jurnalın əməkdaşlarının ətrafında cərəyan edir.

 

Layihənin ideya müəllifi və rəhbəri Şakir Eminbəyli, senari müəllifi Tural Cəfərov (Qan Turalı), quruluşçu rejissoru Pərviz Həsənov, baş prodüseri Vüqar Əliyevdir.

 

AzEdu.az xəbər verir ki, Modern.az məsələ ilə bağlı layihə müəlliflərinin fikrini öyrənməyə çalışıb. 

 

Baş prodüser Vüqar Əliyev saytımıza açıqlamasında bildirib ki, serialın məqsədi bütün problemləri, savadsızlıqları işıqlandırmaq və insanlara əslinə belə olmamalı olduğunu çatdırmaqdır:

 

"Şükür ki, ona nail oluruq. Layihə rəhbəri Şakir Eminbəylidir. Senari bizim komandamıza aiddir. Bütün maliyyə dəstəkləri, məsələlər Şakir Eminbəyli tərəfindən həyata keçirilir".

 

O, layihənin Elm və Təhsil Nazirliyi ilə əlaqəsinin olmadığını və Nazirliyin sadəcə çəkilişlərin məktəbdə həyata keçirilməsinə icazə verdiyini vurğulayıb.

 

Prodüserin sözlərinə görə, müzakirələrə səbəb olan səhnə serialın 1-ci bölümünə aiddir:

 

"Lakin hər kəs bunu 9-cu seriyanın fraqmenti kimi bilir. Burada düzgün araşdırma olmadığı görünür. Bizim vermək istədiyimiz mesaj jurnalistin məsələləri daha dərindən araşdırması, düzgünlüyə xidmət etməsidir", - Vüqar Əliyev qeyd edib.