Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-15 12:40:16
Lerikdə yaşayan valideynlərlə görüş keçirilib

Agentliyin direktor müavini Mehriban Vəliyeva və Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev övladları kənd məktəblərində təhsil alan valideynlərlə görüşüblər.

 

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AzEdu.az-a bildirilib ki, görüşün keçirilməsində əsas məqsəd kənd məktəblərində təhsil alan şagirdlər üçün yeni təhsil şəraitinin yaradılması, keyfiyyətli təhsilin əlçatanlığının artırılması, eləcə də valideynlərin mövcud imkanlar barədə məlumatlandırılmasından ibarətdir.

 

Görüşdə təhsil sahəsində aparılan islahatlardan, məktəb infrastrukturunun inkişafına və təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına xidmət edən dövlət siyasəti sayəsində təhsil müəssisələrinin müasir tələblər səviyyəsində yenidən qurulmasından bəhs olunub. Həmçinin müəllim-valideyn münasibətlərindən, valideynləri tədris prosesinə cəlb etmək və onların məktəblə əlaqəsini daha da genişləndirmək üçün görülən intensiv işlərdən danışılıb.

 

Görüş zamanı Lerik şəhər V.İbrahimov adına İnteqrasiya təlimli internat tipli gimnaziyanın fəaliyyəti və tədris prosesi barədə ətraflı məlumat verilib.

 

Valideynlərə təklif olunub ki, övladlarının müasir şəraitli gimnaziyada təhsil alması üçün müraciət edə bilərlər. Bildirilib ki, gimnaziyada hazırda 371 şagird təhsil alır. Onlardan 223-ü oğlan,148-i isə qızdır. Gimnaziyada 500-dək şagirdin təhsil almasına imkan var.


Şagirdlərin təlim-tərbiyəsi ilə 43 müəllim və tərbiyəçi müəllim məşğul olur. Həmçinin şagirdlərin meyl və maraqları nəzərə alınmaqla təmayüllü siniflərdə təhsil almaq imkanları var.

 

Görüşün sonunda valideynlərin sualları rəsmilər tərəfindən ətraflı şəkildə cavablandırılıb.