Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-13 11:13:51
Kişi müəllimlərin azalması təhsilə necə təsir edir? - “Neqativ halların...”  

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə də media nümayəndələrinə açıqlamasında demişdi ki, təhsil sahəsində kişi müəllimlərin azalması gender balansının pozulmasına səbəb olur:

 

“Bu məsələ ilə bağlı peşəyönümlü ciddi işlər aparılmalıdır ki, oğlanlar müəllimlik peşəsini seçsinlər. Gender balansı pozulub. Müəllimlərin əksəriyyəti qadınlardır. Dövlət qulluğunda da biz görürük ki, təhsil sahəsində rəhbər vəzifələrdə kişilər üstünlük təşkil edir”.

 

Maraqlıdır, kişi müəllimləri təhsilə cəlb etmək üçün hansı addımlar atılmalıdır?

 

AzEdu.az-a danışan təhsil eksperti Nadir İsrafilov qeyd edib ki, məktəblərdə oğlan şagirdlərin davranışlarında müşahidə olunan bir sıra neqativ halların artması da kişi müəllimlərinin sayının azlığı ilə əlaqələndirilir:

 

“Təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində də məktəblərdə qadın və kişi müəllimlərin sayı barədə müzakirələr aparılır. Uzun illərdir ki, məktəblərdə kişi müəllimlərin azlığı problem kimi qalmaqdadır. Elm və Təhsil naziri Emin Əmrullayev də çıxışlarının birində gələcəkdə qadınların təhsildə çox olmasının problem yaradacağını qeyd edib.

 

Nadir İsrafilov bildirib ki, kişi müəllimlərin yenidən məktəbə qaytarılmasının ən yaxşı yolu “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” nın əsas hədəflərindən biri kimi müəllim nüfuzunun qaldırılmasıdır:

 

“Bir mənalı demək olmaz ki, kişi müəllimlərin sayı azdır. Kişi müəllimləri kifayət qədərdir.  Lakin bir ailə başçısı kimi onlar daha çox biznes sahələrində, kommersiya strukturlarında fəaliyyətə daha çox üstünlük verirlər. Fərdi fəaliyyət sahəsi olan repetitorların, müxtəlif hazırlıq kurslarının müəllimlərinin əksəriyyəti kişilərdir. Bu gün məktəblərdə təlim-tərbiyə prosesinin təşkilində kişilik qüruruna, kişi zəhminə böyük ehtiyac var. Bununla belə, kişi müəllimlərin təhsilə cəlb olunması zamana bağlı olan məsələdir. Kişi müəllimlərin təhsildən uzaqlaşması nə qədər vaxt aparıbsa, onların yenidən bu peşəyə cəlb olunması da bir o qədər vaxt aparacaq”.