Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-26 15:48:00
“Bu universitetlərin yaranmasına nə gərək var idi?!” – Jurnalistlərin tənqid etdiyi ali məktəblər

Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrindən hər il minlərlə tələbə məzun olur. Hər il bəzi universitetlərdə ixtisaslar üzrə ayrılan qəbul planının isə tamamilə dolduğunu müşahidə edirik.  

Reallıq budur ki, tələbələrin əksəriyyəti ali məktəblərdən məzun olduqdan sonra işsizlik problemiylə üzləşirlər.

Təhsilalanların böyük qismi 4 ildən sonra ixtisasları üzrə çalışa bilməyəcəklərsə, deməli, onların vaxtlarını boş-boşuna keçirdikləri qənaətinə gəlmək olar.

Bəs, tələbələr hansı universitetlərdə zamanlarını boşuna sərf edirlər?

AzEdu.az bu sualla bir neçə jurnalistə müraciət edib.

Rumiyyə Miraslan: “Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetini, "Politexnik"i bitirənlər məzun olduqdan sonra  nə edir, onlar harada çalışırlar?

Sputnik.az saytının redaktoru hesab edir ki, bunun əsas səbəbi ilk növbədə tələbələrin özləridir:

“Əksər tələbələr sevdikləri peşəyə uyğun yox, imtahan zamanı yığdıqları bala görə ixtisas seçirlər. Nəticədə də savadlı kadrlar əvəzinə, diplomlu işsizlər ordusu formalaşır. Bu gün ancaq müəllimlik ixtisası üzrə təhsil alan gənclər imtahan verərək öz ixtisaslarına uyğun işləyə bilirlər. Dövlət qulluğuna qəbul da imtahanla olduğu üçün çox az sayda, az qala, barmaqla sayılacaq qədər gənc ixtisasına uyğun irəli gedə bilir. Bəs yaxşı, Memarlıq və İnşaat Universitetinin, "Politexnik"in məzunları nə edir, onlar harada çalışırlar? Əksəriyyəti öz ixtisaslarına uyğun iş tapa bilmir deyə işsizdirlər”.

Rumiyyə Miraslan qeyd edib ki, bu universitetdə təhsil alanların ixtisaslarına uyğun istehsal sahələri yoxdur:

“Sovetlər dağılanda bağlanan zavodlar yenidən bərpa olunmasa da, o zavodlar, fabriklər üçün kadr hazırlayan ixtisaslar hələ də mövcuddur. Bəzən elə fakültə adı ilə qarşılaşırsan ki, orada oxuyan tələbəyə, 4 il o ali məktəbə ayaq döydüyünə görə yazığın gəlir.

Tibb Universitetini bitirən tələbələrin əksəriyyətinin bir həkim kimi bilik səviyyəsi sıfırdır. Bu gün işinin peşəkarı, mütəxəssis olan gənc həkimlərimiz, demək olar ki, xarici ölkələrdə tibb təhsili alan və ya uzmanlıq keçənlərdir. Düzdür, Tibb Universitetinə çox savadlı gənclərimiz qəbul olunur, amma təcrübə göstərir ki, ATU-da keçirilən dərslər indiki əsrdə həkim olmaq üçün yetərli deyil”.

Namidə Bingöl: “Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla tələbələrin marağına səbəb olan təşəbbüslərlə yadda qalır”

Modern.az saytının müxbirinin fikrincə, tələbə vaxtını boş keçirməməlidir:

“Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın tələbələrə həmişə maraqlı təşəbbüsü olur. Hər semestrın axırında tələbə bir neçə bədii ədəbiyyatdan imtahan verir. Baxın, bundan gözəl nə ola bilər ki?! Belə yerdə düşünmürəm ki, tələbə vaxtını boşuna sərf edir. Dərslərini yaxşı oxumasa da mütaliəsini inkişaf etdirmiş olur. Ən azından, hansısa əsərin adı yadında qalır. Bu cür təşəbbüslər, təkcə ədəbiyyatla yox, musiqi alətləri ilə də bağlı ola bilər.

Tələbə universitetdə bir qədər fəal olsa, tədbirlərdə çıxış etsə, vaxtını boşuna sərf etməz. Bütün bunlar tələbənin 4 illik həyatına maraq qatmış olur. Mənə elə gəlir ki, tələbə həyatı monoton olmamalıdır. Rəngarəng  həyat vaxtın boşuna sərf edilməməsinə gətirib çıxarır”.

Gülxar Şərif: “Bakı Qızlar, Odlar Yurdu Universitetləri və ya Kooperasiya kimi ali təhsil müəssisələrinin yaranmasına nə ehtiyac var?!”

Publika.az saytının müxbirini ali məktəblərdə ən çox narahat edən məsələ eyni ixtisasın bir neçə ali məktəbdə təkrarlanmasıdır:

“Ölkəmizə il ərzində 200-300 Azərbaycan dili müəllimi lazımdırmı? Bu ixtisasın tədris edildiyi ali məktəbdə fakültə məzunlarının sayı bəlkə də daha çox olur. Eləcə də bunu bir sıra ixtisaslara aid etmək olar. Özəl universitetlərdə də ixtisaslar demək olar ki, hamısı bir-birini təkrarlayır. Aralarında isə yüksək təhsilə görə rəqabət yoxdur. Üstəlik, son illərdə bəzilərində plan yerləri 50 faizdən az dolur. Bakı Qızlar, Odlar Yurdu Universitetləri və ya Kooperasiya kimi ali təhsil müəssisələrinin yaranmasına nə ehtiyac var ki?! Qəbul nəticələrindən bəlli olur ki, abituriyentlərin özləri də bu ali məktəblərdə oxumağı vaxt itkisi hesab edirlər”.

Kifayət Əliyeva: Tələbələr Odlar Yurdu Universitetində boş-boşuna vaxt itirirlər.

Azərtacın Elm və Təhsil şöbəsinin müdürü bu nəticəyə gəlməsiyinin əsas səbəbi kimi adıçəkilən ali məktəbdə normal təhsil verilmədiyini vurğulayıb.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları