Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-04 15:20:46
PROBLEM: “Tələbələr üçün diplom işi yazan şirkətlər də var...”

Azərbaycan universitetlərinin son kurs tələbələri bu ildən etibarən dövlət imtahanı verməyəcəklər. Lakin diplom işinin yazılması hələ də qüvvədədir.

 

Müşahidələr onu göstərir ki, bir çox tələbə diplom işini ya başqasına yazdırır, ya da müxtəlif mənbələrdən material taparaq plagiat edirlər.

 

Əgər vəziyyət belədirsə, diplom işinin əhəmiyyəti nədir?

 

Məsələ ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Elçin Süleymanlı qeyd edib ki, son illərdə sözügedən məsələ ilə bağlı vəziyyət yaxşılaşmağa doğru gedir:

 

“Əksər Azərbaycan universitetləri Polşanın “Strike Plagiarism” şirkətiylə müqavilə bağlayıb. Elmi jurnal, dissertasiya və bəzi universitetlərin buraxılış işlərinin yoxlanılmasında bu şirkətin böyük mövqeyi var. Son illərdə bu istiqamətdə keyfiyyət müəyyən qədər yaxşılaşıb. Artıq tələbələr özlərində məsuliyyət hissi daşıyırlar. Eyni zamanda elmi dərəcə almaq üçün Ali Attestasiya Komissiyasında kifayət qədər ciddi yoxlanış olur. Bu istiqamətdə hər gün əhəmiyyətli işlər görülür”.

 

Elçin Süleymanlı bildirib ki, tələbələrin dissertasiya işini başqasına yazdırması aktual problemdir:

 

“Tələbələr üçün dissertasiya işini yazan şirkətlər də var. Bu oğurluğun başqa bir formasıdır və dünyada ciddi qınanılan nüansdır. Təbii ki, bəzən müdafiə prosesində  tələbələrin cavablarına görə işi özlərinin yazıb-yazmadığını aşkarlamaq olur. Elmi rəhbər buna görə məsuliyyət daşımalıdır. Əgər rəhbər şəxs bu işin başqası tərəfindən yazıldığını hiss edirsə, buna irad bildirməlidir. Kafedra müdiri və digər məsuliyyətli orqanlar da məsələ ilə bağlı mübarizə aparmalıdır. Lakin bunun qarşısı tam şəkildə alına bilməz. Elmi işlərin başqa şəxslərə yazdırılması və plagiatdan istifadə edilməsi təkcə Azərbaycanda deyil, Avropa ölkələrində də ciddi problemlərdən biridir. Bunun mümkün qədər qarşısını almaq üçün müvafiq işlər görülür”.