Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-04 11:45:00
Ali məktəblərdə gender balansı pozulurmu? - REAKSİYA

Azərbaycan universitetlərində təhsil alan tələbələrin yarıdan çoxunu qızlar təşkil edir. Onlar daha çox pedaqoji ixtisaslara üstünlük verirlər. Xüsusi təyinatlı təhsil müəssisələrində, hərblə bağlı ixtisaslarda isə oğlanların sayı çoxdur.

 

Maraqlıdır, peşə seçimində gender balansı pozulurmu?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Millət vəkili Etibar Əliyev qeyd edib ki, ali təhsil müəssisələrində qızların sayca oğlanlardan üstün olması gender bərabərsizliyi kimi proqnozlaşdırılmamalıdır:

 

“Gender bərabərliyi anlayışı neçə illərdir ki, cəmiyyət tətbiq olunur. Bununla bağlı tədqiqatlar aparılır, qrand layihələr işlənilir. Ali təhsil müəssisələrində qızların sayca oğlanlardan üstün olması gender bərabərsizliyi kimi düşünülməməlidir. Yəni oğlanlar və qızlar konkret olaraq istəklərinə uyğun ixtisas seçirlər.

 

Məsələn Azərbaycan Dövlət İqtisad Universitetində demək olar ki, qızlar və oğlanların sayı yarıbayarıdır. Müəllimlik ixtisası əlbəttə qızlar üçün daha prestijli ixtisasdır. Çünki müəllim ən rahat peşələrdən biridir. Gələcəkdə müəllimin təhsilə verdiyi keyfiyyətə uyğun əmək haqqının diferensiasiyası məsələsi gündəmə gəlməlidir. Yəni bu 45 dəqiqənin keyfiyyəti nədən ibarət olmalıdır? Müdafiə olunan elmi işlərə baxdıqda aydın görünür ki, qadınlar kişilərdən təxminən 1,5 dəfə çoxdur”.

 

Həmsöhbətimiz söyləyib ki, gender balansının pozulması gündəmi zəbt etməməlidir:

 

“Bu gün hər bir abituriyent biliyinə uyğun ixtisas seçir. Fizika, kimya, fiziologiya sahədə ümumilikdə 700 laureatın içərisində 18 qadın nobel mükafatına layiq görülüb. İndi burada gender bərabərliyi pozulub? Xeyr, qətiyyən. Çünki bu təbii bir prosesdir. Burada heç bir gender izləri axtarmaq doğru deyil.

 

Əgər bir qrupda qızlar riyaziyyatı seçirsə, burda təəccüblənməyə ehtiyac yoxdur. Hər il Prezidentin sərəncamı ilə ən yüksək bal toplamış abituriyentlərə, yəni I kurs tələbələrinə Prezident təqaüdü verilir. Burada heç bir ayrı-seçkilik deyil, bərabərlik var”.