Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-04 10:14:36
Valideyn olmaq yedirtmək, geyindirmək, oxutmaqla bitmir...

Qızların erkən nikaha cəlb olunması ilə bağlı informasiyaları tez-tez eşidirik. Azyaşlıların bir çoxu açıqlamalarında bildirir ki, özləri istəyərək erkən evliliyi seçiblər.

 

 

Sosioloq Lalə Mehralı mövzu ilə bağlı AzEdu.az-a münasibətini bildirib.

 

Sosioloq qeyd edib ki, valideynlərin əksəriyyəti övladı ilə dostyana söhbət etmir:

 

“Valideynlər övladının nəyə ehtiyacı olduğunu, hansı hisləri yaşadığını, mənəvi qidasını unudur. Məhz bunun  nəticəsidir ki, uşaqlar mənəvi qida axtarır, ruhlarını doydurmaq istəyirlər. Ruhun qidası nədir? Sevgi, məhəbbət, xoş münasibət. Ona görə qız uşaqları ilk rastlaşdığı bu cür vəziyyətlərdə təslim olurlar. Bu bir növ ruhun doydurulması kimi bir şeydir. Necə ki, fiziki olaraq biz acırıq və qidalanmağa ehtiyac duyuruq, mənəvi olaraq da bizim ruhumuz qida istəyir və qidanı kim təmin edirsə, insan ona təslim olur. Buna görə də ailələr, xüsusi ilə qız övladları ilə o sevgini hiss etdirərək münasibət qurmalıdırlar. Anlamaq olar, valideynlər işləyir, yorğun olur, maddi sıxıntıları çox vaxt imkan vermir ki, övladlarıyla daha çox maraqlansınlar, amma yenə də elə bir sistem qurmaq olar ki, övladıımıza vaxt ayırmaq işimizə mane olmasın, yaxud da işdən qalan vaxtı sərf etmək məcburiyyətində qalmayaq. İşlə birgə övladı nəzarətdə saxlayacağımız sistem quraq”.

 

“Valideynlər, övladımı geyindirdim, yedirtdim, içirtdim, oxutdum işim bitdi deyə düşünməməlidirlər”,- deyə sosioloq bildirib:

 

“Övladımız bizim məsləhətimizə ehtiyac duyur. Amma bunu çox vaxt dilə gətirməkdən, çəkinir utanır, məsləhət istəməyi ar bilir. Amma hesab edirəm ki, elə vəziyyət var ki, mütləq açıq olmaq, danışmaq lazımdır ki, uşaqlar özünü ilk müdafiəsiz anda qoruya bilsinlər.

 

Əvvəlki nəsillər sevgilərini böyüklərin yanında hiss etdirmirdilər. Məsələn bizim nəsil valideyn sevgisini hiss etməyərək böyüyüb. Böyüklər bizim başımızı sığallamaz, qayğı göstərməzdi. Çünki onlar da öz valideynlərindən utanırdılar, amma yenə də biz müəyyən qədər valideynlərimizin bizi sevdiyini bilirdik. İndi isə valideynlər, geyindirdim, yedirtdim, içirtdim, oxutdum işim bitdi deyə düşünməməlidirlər. Bunlarla yanaşı uşağın ruhunu da doydurmaq lazımdır”.