Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-01 16:06:35
Şagirdin kobud rəftarı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib

Şərur rayon Təhsil Şöbəsi tərəfindən müxtəlif sosial şəbəkə ünvanlarında və media saytlarında rayonunun Muğancıq Mehrab kənd tam orta məktəbinin şagirdinin digər şagird yoldaşlarına qarşı kobud rəftarı ilə bağlı yayılan məlumatdan sonra bu məsələ ilə bağlı komissiya yaradılmışdır.

 

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata əsasən, komissiya üzvləri adıçəkilən təhsil müəssisəsində araşdırma aparmış və məlum olmuşdur ki, həmin şagird məktəbdə nizam-intizam qaydalarını pozmuşdur.

 

Aidiyyəti üzrə məktəb direktorunun, direktor müavinin, sinif rəhbərinin və digər aidiyyəti şəxslərin izahatları alınmış, şagirdlə profilaktiki söhbətlər aparılmış və hüquq mühafizə orqanlarına dərhal məlumat verilmişdir. Hazırda qeyd olunan məsələ ilə bağlı hüquq mühafizə orqanlarında araşdırma aparılır.

 

Komissiya tərəfindən məktəb rəhbərliyinə həmin məktəblinin nəzarətdə saxlanılması, mütəmadi olaraq şagirdlə profilaktiki söhbətlərin aparılması ilə bağlı tapşırıqlar verilmişdir. Komissiya üzvləri şagirdin valideyinləri ilə də görüşmüş, şagirdin məktəbdəki intizamsızlığı ilə bağlı məsələ onların diqqətinə çatdırılmışdır.