Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-01 15:15:29
Şagirdləri dərsə cəlb etməyin maraqlı ÜSULLARI

Bir çox şagird məktəbə getmək istəmir, dərs onlara maraqsız və sıxıcı gəlir.

 

Maraqlıdır, uşaqlara dərsi sevdirmək, onlarda maraq oyatmaq üçün nə etmək lazımdır?

 

Məsələ ilə bağlı AzEdu.az-a danışan psixoloq Ayşən Bayramova bildirib ki, ənənəvi materiallar bəzən həm şagirdlər, həm də müəllimlər üçün bəzən sıxıcı ola bilir və bunun üçün də hər fənn və mövzunun keçirilməsində müxtəlif üsullardan istifadə etmək lazımdır:

 

“Dərsi izah etmək üçün maraqlı üsul seçərkən hədəflərə, şagirdlərin və mövzunun xüsusiyyətlərinə diqqət etmək lazımdır. Müəllimlərin ən çox istifadə etdiyi üsul izah etmədir. Bu zaman şagirdlər passiv mövqedə dayanır və dərsi idarə edən yalnız müəllim olur. Dərslərdə şagirdlərə də zaman-zaman seçim haqqı verməkdə fayda var. Bu, onlara idarəedici olduqlarını hiss etməyə imkan verir. Təhsilalanlardan nəyi, necə öyrənmək istədikləri soruşula bilər və onlara seçimlər verilə bilər”.

 

Psixoloq qeyd edib ki, öyrətmə prosesinə mahnının əlavə olunması öyrənmə prosesinin sıxıcı olmaqdan xilas edə bilər:

 

“Mahnı, xoş duyğular oyatdığı üçün informasiyaların daha yaxşı öyrənilməsinə dəstək verir. Burada mahnıdan əlavə əl çalmaq, ayağı yerə vurmaq kimi hərəkətlərdən də istifadə etmək olar. Qavramağa kömək edən digər üsullardan biri dad duyğumuzu oyatmaqdır. Şagirdlərin dərslərə aktiv şəkildə qatılmasını təmin etməkdə daha bir yol, dərsi bildikləri bir şeylə əlaqələndirməkdir. Məsələn: məşhur mahnının sözlərini öyrəndikləri mövzularla əvəz edərək, mahnı qoşa bilərlər. Bunlardan başqa təlim prosesi zamanı kiçik bir material, jurnal, gündəlik əşyaları istifadə etmək dərsləri daha çəkici hala gətirmək üçün istifadə oluna bilər”.

 

Ayşən Bayramovanın sözlərinə görə proqram və şagird arasında daim qarşılıqlı əlaqə olmalıdır:

 

“Şagirdə verilən bilginin öyrənilib və ya öyrənilmədiyini yoxlamaq üçün onlara davamlı suallar yönəltmək və şagirdlərin bu suallara cavablar verərək dərsə aktiv qatılmağını təmin etmək lazımdır”.