Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-28 12:44:00
“Təhsil Ekspertləri Mərkəzi”-nin üzvü: “Qüvvələrimizi birləşdirməyin vaxtı idi”

6 fevral tarixində “Təhsil Ekspertləri Mərkəzi” yaradılıb.

 

Mərkəzin əsas məqsədi təhsillə bağlı yaranan problemlərin meydana çıxma səbəblərini araşdırmaq, onların aradan qaldırılması ilə bağlı təhlillər, təhqiqatlar aparmaq, həmin problemlərin həlli ilə bağlı təkliflərlə çıxış etməkdir.

 

Belə ki, təşkilatın eskpertləri fevral ayının 23-ü sabiq təhsil naziri Misir Mərdanovla görüş keçirib.

 

“Təhsil Ekspertləri Mərkəzi”nin üzvü Elşən Qafarov mərkəzin fəaliyyət istiqaməti və görüləcək işlər barədə AzEdu.az-a danışıb.

 

““Təhsil Ekspertləri Mərkəzi” uzun müddətdir təhsil sahəsində ayrı-ayrılıqda fəaliyyət göstərən Kamran Əsədov, İlham Əhmədov, Vüsal Kərimli, Elşən Qafarov, Elmin Nuri, Məzahir Məmmədli, Elçin Əfəndiyevin birgə təşəbbüsü ilə yaradılıb. Əsas məqsəd təhsil sahəsində olan problemləri və onları yaradan səbəbləri birlikdə araşdırmaq və onun aradan qaldırılması ilə bağlı müvafiq təkliflər hazırlayıb, Elm və Təhsil Nazirliyinə, Təhsil Agentliklərinə təqdim etməkdir. Artıq bir aydır ki, “Təhsil Ekspertləri Mərkəz”i yaranıb və biz hər həftənin 5-ci günü görüşlər keçiririk. Həftəlik olaraq gündəmi və ayrı-ayrı problemləri müzakirə edirik. Artıq ayrı-ayrı istiqamətlər üzrə iş bölgüsü müəyyənləşdirmişik. Təşkilatımızın üzvü olan ekspertər müvafiq sahələr üzrə araşdırmalarını aparırlar və buna uyğun təkliflər hazırlanır. Bu təkliflər isə yaxın həftələrdə Elm və Təhsil Nazirliyinin müvafiq agentliklərinə təqdim olunacaq”.

 

Elşən Qafarov bildirib ki, sabiq təhsil naziri Misir Mərdanovdan sonra qabaqcıl təhsil işçiləri ilə görüşlər davam edəcək:

 

“Ötən gün sabiq təhsil naziri Misir Mərdanovla görüş keçirdik. O, fəaliyyətimizlə tanış olduqdan sonra bizə öz tövsiyələrini bildirdi.

 

Bu mərkəz hər birimizin təşəbbüsü ilə yaranıb. Təhsil ekspertləri olaraq vaxtaşırı ayrı-ayrı formatda görüşürdük və düşündük ki, qüvvələri birləşdirməyin vaxtıdır. Biz təhsil ekspertləri olaraq əvvəl də ayrı-ayrılıqda araşdırmalar aparır, mətbuatda çıxışlar edridik. Düşündük ki, təkcə fikir bildirməklə deyil, təkliflər hazırlayıb hədəflərimizin reallaşdırılması üçün müvafiq qurumlara müraciət edək.

 

Hesab edirəm ki, bu, uğurlu layihə olacaq.“Təhsil Ekspertləri Mərkəzi” gələcəkdə  daha əhatəli olaraq ölkənin qabaqcıl müəllimlərini, təhsil işçiləri ilə birlikdə əməkdaşlıq edəcək. Əsas fəaliyyətimiz hər həftə müəyyən edilmiş məsələlər üzrə araşdırma aparmaq, fikir bildirmək, eyni zamanda bizim iclaslarda qəbul edilmiş qərarlara uyğun olaraq təhsil orqanlarına təqdim etməkdir”.