Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-20 09:50:00
Kişi müəllimlər azalır…- “Onları bəzi xərclərdən azad etmək lazımdır”

“Müəllimlər işıq, qaz, su kimi xərclərdən azad edilməlidirlər ki, aldığı az əmək haqqını sosial rifahına yönəldə bilsin”.

Bu sözləri təhsil eksperti Kamran Əsədov AzEdu.az-a açıqlamasında deyib.

 

Kamran Əsədov bildirib ki, kişi müəllimlərin sayının azlığı şagirdlərin xarakterinin formalaşmasına ciddi şəkildə təsir göstərir:

 

“Çox təəssüf ki, Azərbaycanda kişi müəllimlərin sayı kəskin şəkildə azalıb. Bu gün Azərbaycanın 4432 ümumtəhsil məktəblərində çalışan 149,602 müəllimin 71%-ni xanımlar, 29 %-ni isə kişi müəllimlər təşkil edir. Əslində bu rəqəmlər vəziyyətin nə qədər təhlükəli olduğunu göstərir. Yəni hal hazırda təhlükə yalnız və yalnız təhsilin keyfiyyəti, dərsə davamiyyət və ən nəhayət, uşaq xarakterinin formalaşması ilə bağlıdır.Uşaqlar məktəbəqədər təhsil pilləsindən tutmuş, ali məkətəbə qədər ancaq qadın müəllimlərin , evdə də analarının təsiri altında formalaşır ki, bu da onların xarakterinə təsir edir”.

 

K.Əsədov qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, ölkədə baş verən hadisələr, Qarabağ müharibəsi, iqtisadi çətinlik müəllim kimi fəaliyyət göstərən böyük sayda kişini bu sahədən uzaqlaşdırdı:

 

“Etiraf edim ki, bu gün müəllimlərin aldığı əmək haqqı onların aylıq xərclərini ödəmir. Biz 1980-ci illərə nəzərə alsaq görərik ki, bu rəqəm 50/50 vəziyyətindədir. Bəzi bölgələrimizdə isə kişi müəllimlərin say faizi daha üstün idi. 1995-ci ildən sonra ölkədə sabitlik yarandıqdan sonra da müəllimin əmək haqqının azlığı bu sahədən üz döndərən kişi müəllimlərin sayını azaltmadı. Hazırda Bakıdakı orta məktəblərdə fəaliyyət göstərən müəllimlərdən 27 mini qadın, 3600-ü isə kişidir. Müəllimlərin məvaciblərinin azlığı kişi pedaqoqların təhsil sahəsindən uzaqlaşmasına səbəb olur. İş o yerə çatıb ki, paytaxt məktəblərində hətta bədən tərbiyəsi və idman dərslərini də qadın müəllimələr tədris edirlər. Sovet hakimiyyətinin ilk illərində Azərbaycanın kənd rayonlarında qadın müəllimlər yox dərəcəsində idi. Bu boşluğu doldurmaq üçün Rusiyanın müxtəlif bölgələrindən, eləcə də paytaxt Bakı şəhərindən yerlərə kütləvi şəkildə qadın müəllimlər göndərirdilər. Müəllim kimi yeni işə başlayan gənc təbii ki, bu maaşla dolana bilməyəcəyinin fərqindədir və müəllimlik diplomunu bır kənara atıb, normal maaşlı iş axtarmağa məcbur olur".

 

“Hansı ölkələrdə ki, kişilərin sayı qadınların sayından üstündür, bu təhsilin keyfiyyətinə müsbət mənada təsir edir”, - deyə ekspert qeyd edib:

 

“Dünyanın bir çox inkişaf etmiş ölkələrində uşaq bağçalarında tərbiyəçi qadın yoxdur. Uşaqları yalnız kişilər tərbiyə edirlər. Kişilərin tədrisə və uşaqların tərbiyə prosesinə yanaşması isə fərqlidir. Bunu müxtəlif cür izah etmək olar. Qadınlar bu məsələdən inciməməlidirlər. Bu göstərici onların kişilərdən xarakter baxımından zəif olmaları və ya kişilərdən aşağı səviyyədə tədris etmələri kimi qəbul edilməməlidir. Dünyada bu proses belədir”.

 

Həmsöhbətimizin sözlərinə görə Sovet hakimiyyəti  dövründə müəllimlər böyük güzəşt və nəqliyyat xərcləri də daxil olmaqla, digər kommunal ödənişlərdən azad idi:

 

“Dövlət büdcəsinin vəsaiti hesabına hər il istirahət mərkəzlərinə, sanatoriyalara göndərilirdi. Əlbəttə ki, Sovet hakimiyyəti sosialist ölkə idi, indi isə kapitalizm dövrüdür. Lakin bir çox ölkələrdə müəllimin dövlətin kadr potensialının gücləndirilməsi, formalaşdırılmasında xidmətini nəzərə alaraq, yüksək əmək haqqı ilə yanaşı, güzəşt və imtiyazlar saxlanılıb”.

 

Təhsil eksperti bildirib ki, müəllimləri müəyyən olunmuş xərclərdən azad etmək lazımdır. Yəni müəllimlər işıq, qaz, su kimi xərclərdən azad edilməlidirlər ki, aldığı az əmək haqqını sosial rifahına yönəldə bilsin:

 

“Bu gün müəllim gözünün işığını, sağlamlığını xalqın gələcəyinə sərf edir, ona ciddi şəkildə diqqət ayırmaq lazımdır. Azı hər altı aydan bir müəllimlərin pulsuz və yüksək səviyyədə tibbi xidməti həyata keçirilməlidir. Bilirsiz, müəllimə müqəddəslərə göstərdiyimiz ehtiramı göstərməliyik, səfirlərə verilən təhlükəsizlik və toxunulmazlığı həm də müəllimə verməliyik, deputata verilən əmək haqqını müəllimə verməliyik. Cəbhəyanı ərazilərdə fəaliyyət göstərən müəllimlərin əmək haqqı şəhərdə çalışanlarla müqayisədə iki dəfə çox verilməlidir. Çünki ölkədə fəaliyyət göstərən hər bir vətəndaşı yetişdirən, formalaşdıran müəllimdir”.