Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-16 17:50:56
BŞTİ sertifikatlaşdırma ilə bağlı görüşlərə start verib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən (BŞTİ) sertifikatlaşdırma prosesi ilə bağlı müəllimlərə dəstək məqsədilə görüşlərə start verilib.

 

AzEdu.az xəbər verir ki, paytaxtdakı 18 nömrəli tam orta məktəbdə keçirilən ilk görüşdə BŞTİ-nin müdir müavini Anar Məmmədov, Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazadə, İnsan resursları sektorunun müdiri Aygün Bayramova, Təlimə Dəstək Mərkəzinin psixoloqu Aysel Novruzova, Yasamal, Qaradağ və Səbail rayonları üzrə riyaziyyat, ingilis, rus, alman və fransız dili müəllimləri iştirak ediblər.

 

BŞTİ-nin müdir müavini Anar Məmmədov təhsilverənlərin sertifikasiya nəticəsinin onların karyera inkişafına və əməyinin stimullaşdırılmasına müsbət təsirləri barədə danışıb. Dünya ölkələrində təhsil işçilərinin sertifikatlaşdırılması təcrübəsindən bəhs edən A.Məmmədov müəllimlərin öz səriştələrini artırmaq baxımından bu prosesin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

 

Görüşdə BŞTİ-nin Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazadə sertifikasiya prosesinin təhsilin keyfiyyət göstəricilərinə təsiri, İnsan resursları sektorunun müdiri Aygün Bayramova sertifikatlaşdırma prosesinin qaydaları, Təlimə Dəstək Mərkəzinin psixoloqu Aysel Novruzova isə imtahan öncəsi psixoloji hazırlıq barədə danışıblar.

 

Həmçinin sertifikatlaşdırma prosesi ilə bağlı fikir mübadiləsi aparılıb, müəllimləri maraqlandıran suallar cavablandırılıb.

 

Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırılmasında məqsəd ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdən ibarətdir.