Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-16 17:47:04
Şagirdlər peşə təhsili barədə maarifləndirilib

Ümumi təhsil müəssisələrində Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən reallaşdırılan Məktəbin İnkişaf Planının (MİP) məqsəd və hədəfləri istiqamətində müxtəlif fəaliyyətlər həyata keçirilir.

 

Təhsil İnstitutundan AzEdu.az-a bildirilib ki, bu məqsədlə 51, 242, 227, 260 nömrəli məktəblərdə 8 və 9-cu sinif şagirdləri üçün “Peşə seçiminin əhəmiyyəti” mövzusunda interaktiv təlim keçirilib.

 

Təlimin əsas məqsədi şagirdlərin peşə təhsili barədə maarifləndirilməsi və onların düzgün peşə seçiminə təşviq edilməsi olub. Təlimin mövzusu peşə təhsilinin insan həyatındakı rolu, peşə seçiminə təsir edən amillər, düzgün peşə seçimində diqqət ediləcək əsas məqamlar, əmək bazarı və karyera, peşələrin tədris olunduğu müəssisələr barədə məlumatları əhatə edib.

 

Eləcə də şagirdlərə peşə məktəblərinin nailiyyət əldə edən məzunları barədə məlumat verilib, təlim prosesində bu mövzuları əhatə edən videoçarxlar nümayiş etdirilib. Şagirdlərlə mövzu ətrafında qrup fəaliyyətləri həyata keçirilib. Təlimçi qismində institutun Peşə və ömürboyu təhsil şöbəsinin əməkdaşları Səlimə Quliyeva, Mehriban Eyvazova, Günel Fərəcova iştirak ediblər. Təlimin sonunda proses zamanı aktiv olan şagirdlərə hədiyyələr təqdim olunub.

 

Peşə seçimi gələcəkdə karyera yüksəlişini təmin etmək məqsədilə maarifləndirmə fəaliyyətinin MİP tətbiq edilən digər məktəblərdə də təşkil olunması nəzərdə tutulub.