Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-24 10:16:00
700 bal toplayanlardan Hafiz Hacıyevin  “şortik qadağası”na reaksiya – “Bunun özü əxlaqsızlıqdır!”

Son günlər Odlar Yurdu Universitetində qəribə qadağanın tətbiqi hər kəsin diqqət mərkəzindədir.

Universitet rəhbərliyinin göstərişi ilə qüvvəyə minən qadağaya görə ali təhsil müəssisəsində xanım tələbələrə dikdaban ayaqqabı geyinmək qadağan olunub.

Bununla əlaqədar, "Diqqət! Diqqət! Universitetin binasına dikdaban ayaqqabı ilə girmək qəti qadağandır” – deyə, universitet binasının foyesində məlumat da yerləşdirilib. Bu qadağa isə xanım tələbələrin etirazına səbəb olub.

Tələbələrin əksəriyyəti iddia edir ki, bəzi universitetlərdə “şortik” geyinməyə, “saqqal”la ali məktəbə gəlməyə icazə yoxdur.

Bəs tələbənin geyiminə qarışmaq, ona seçim sərbəstliyi verməmək nə dərəcədə düzgündür?

AzEdu.az bu sualla bu il keçirilən qəbul imtahanlarında 700 bal toplayan tələbələrə müraciət edib.

Bakı Dövlət Universitetinin tələbəsi Elvin Kərimliyə görə, geyim seçimi azaddır:

“Biz nə qədər inkişaf etsək də, dəblə ayaqlaşsaq da, azərbaycanlı olduğumuzu unutmamalıyıq. Bizim kökümüzdən gələn ədəb-ərkan qaydalarımız, böyüklərə, ata-anaya hörmət kimi milli dəyərlərimiz var. Bu olub, hər zaman olacaq və olması da təqdirəlayiqdir. Hər geyim növünün öz yeri və məkanı var. İstər qız, istər oğlan tələbə şortik geyinib ali təhsil ocağına ayaq basırsa, deməli o, təhsildən çox özünə diqqət cəlb etmək istəyir. Dəblə də ayaqlaşmaq olar, Avropaya da açılmaq olar, amma heç nə əndazədən çıxmamalıdır. Çünki damarlarımızda azərbaycanlı qanı axır. Milli dəyərlərimizin  nəsildən-nəslə ötürülməsində əlimizdən gələni əsirgəməməliyik”.

Bakı Ali Neft Məktəbinin tələbəsi Şəkər Qədirlinin sözlərinə görə, universitet geyimə qarışmamalı, amma tələbələr ali məktəbə təhsil ocağı kimi baxıb öz geyimlərinə fikir verməlidirlər:

“Düşünürəm ki, tələbələr dərsə sadə, gündəlik geyimlərlə gəlməlidirlər. Onlar bəzən sanki hansısa ziyafətə gəlirmiş kimi geyinirlər. Yenə də hər kəsin fikrinə hörmətlə yanaşmaq lazımdır. Necə geyinib gəlməklərini də öz öhdələrinə və vicdanlarına buraxsınlar”.

Bakı Ali Neft Məktəbinin tələbəsi Vasif Əsədov deyib ki, BANM-da  geyim və stilə qarışılmır:

“Tələbə səliqəli geyimdə olmalıdır. Bizim universitetdə geyim və ya stil qadağası yoxdur. Ali məktəb stildən çox təhsilə önəm verməlidir. Geyim hansısa xüsusiyətləri əks etdirsə də, buna görə kiminsə haqqında dəqiqliklə nəsə demək düzgün deyil”.

Bakı Ali Neft Məktəbinin digər 700 ballıq tələbəsi Elgün Zamanlı ali təhsil ocağının geyim tərzinə qarışmasının düzgün olmadığından söz açıb:

“Universitetlərdə təhsilə yox, geyim tərzinə fikir verildiyinə görə bugün dünya reytinqində heç bir ali təhsil ocağını görmürük. Məncə, uşaqlara necə gözəl təhsil verə bilərik deyə düşünsünlər. Geyimə görə kimisə əxlaqsız adlandırmağın elə özü əxlaqsızdır”.

Xatırladaq ki, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev saytımıza açıqlamasında tələbənin şortiklə universitetə gəlməyini əxlaqsızlıq adlandırıb.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları