Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-06 13:12:12
Çoxu düşünür ki, universitet xaricdədirsə, onun mənfisi ola bilməz

Bu gün hər birimiz keyfiyyətli tədrisdən danışırıq. Bəs, görəsən keyfiyyətli tədris deyəndə əslində nə nəzərdə tutulur? Onun ölçü meyarları nələrdir? Hansı üsullardan  istifadə edərək keyfiyyətə təsir edə bilərik?

 

Mövzu ilə əlaqədar Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov AzEdu.az-a açıqlama verib.

 

Professor qeyd edib ki, tədrisin keyfiyyətinə dair ölçü meyarları təşkil etmək lazımdır:

 

“Təcrübələr göstərir ki, təhsildə keyfiyyət məsələsi ilə bağlı dünyanın bir çox yerində müzakirələr olub. Hətta araşdırmalara görə bir vaxtlar “brend” olan universitetlərin keyfiyyəti ölsə də, markanın adı onları hələ də yaşadır. Ümumiyyətlə tədrisin keyfiyyətinə daha çox ağırlıq verilsə, elmi tədqiqat zəifləyəcək, elmi tədqiqata üstünlük verilsə, onun göstəriciləri yüksək tutulsa, tədrisin keyfiyyəti axsayacaq.  Müşahidələrimə əsasən deyə bilərəm ki, elmi tədqiqatların regionların inkişafında müsbət rolu var. Bu xüsusilə Türkiyə universitetlərində özünü göstərir. Universitetin açılması regionun həyatında inşaat sektoruna, iqtisadiyyata, eləcə də nəşriyyata öz tövhəsini verir. Region universitetləri dünyada gedən dəyişikliklərə hazır olmalıdır. Rusiyada, Amerikada müəllimlər 1 il bir yerdə, o biri il ayrı yerdə işləyirlər. Bizim təhsildəki ən böyük problemlərdən biri də transfer sisteminin olmamasıdır. Bu sistem futboldakı kimi olmalıdır. Bizim müəllimlər 40 il eyni yerdə işləyirlər”.

 

“Ən vacib nüanslardan biri əmək bazarının şərtlərini qarşılayacaq kadrların təminatı üçün keyfiyyətli tədris sistemini formalaşdırmaq və inkişaf etdirməkdir”,-deyə Z.Məmmədov vurğulayıb:

 

“Ali məktəblərdə keçirilən konfranslara diqqət etmişəm ki, bütün məsələlər, o cümlədən; maliyyə sisteminin inkişafı, nəqliyyat sisteminin problemləri və s. hər biri müzakirə edilir, ancaq çox nadir hallarda ali təhsil sisteminin özünün problemləri və onun həlləri barədə müzakirələr aparılır.

 

İndidən regionun xüsusiyyətlərinə uyğun tədrisi təşkil etmək lazımdır. Regionun inkişafında hansı ixtisaslar gərəklidirsə, həmin ixtisasların tədrisi mütləqdir. Məsələn banklar daha çox Bakı şəhərinədir, elə isə nəyə görə maliyyə ixtisası regionlarda tədris olunur? Buna ehtiyac varmı? Regionda kənd təsərrüfatı, aqrar mühəndisliyi və s. ixtisaslar tədris olunarsa, o zaman keyfiyyətdən söhbət edə bilərik. Artıq Sovet dönəmindən qalma ixtisaslardan qurtulmaq, uzaqlaşmaq lazımdır. Əsaslandırmaq lazımdır ki, bu ixtisas mənim nəyimə lazımdır? Bu gün ixtisasları əmək bazarına görə deyil, məşğulluğa görə müəyyən etməliyik. Tədrisin keyfiyyəti məhz bu amillərdən başlayır.

 

Azərbaycanda fəaliyyət göstərən müəyyən universitetlər var ki, onlar Şərqi Avropada fəaliyyət göstərən universitetlərdən daha yüksək səviyyədədir. Hətta Azərbaycan iqtisadiyyatı o ölkələrdən daha güclüdür. Sual olunur ki, o zəif Şərqi Avropa universitetini reklam etməyin nə mənası var?

 

Çox adam bu reklam naminə fəaliyyət göstərir. Reklamın təminatçıları bəzi hallarda müəyyən KİV-lər və həmin universitetlərin nümayəndələri olur. Adamlar durmadan reklam edir ki, Şərqi Avropanın “X” adlı universiteti ilə konfrans keçirdik, əməkdaşlıq etdik və s. Baxanda isə görürük ki, bu universitet özəldir, fəaliyyəti çox aşağıdır, akkreditasiyadan da keçməyib.

 

Azərbaycanda keyfiyyətin artırılması üçün addım atmalıyıq. Bizim maliyyə qaynaqlarımız, pul vəsaitlərimiz ölkəmizin inkişafında istifadə olunsun. Ölkəmizin maliyyə qaynaqlarını nəyə görə xarici ölkədə istifadə etməliyik?

 

Ümumiyyətlə heç nəyə xidmət etməyən bu reklamları aradan qaldırmaq lazımdır. Şərqi Avropada xeyli sayda universitet var ki, onlar geridə qalıb. Gülünc olan budur ki, bəzən o universtitetləri konfranslarda, elmi tədbirlərdə dilə gətirirlər”.

 

“1 aylıq kursa gedib bir günlük diplom alırlar, gəlib deyirlər ki, Oxford məzunuyam”,-deyə iqtisad elmləri dokturu qeyd edib:

 

“Çoxu düşünür ki, universitet xaricdədirsə, onun mənfisi ola bilməz. Nə olsun ki, universitet Şərqi Avropadadır? Adı var, amma keyfiyyətsizdir. Orada alınan alimlik diplomu buraya gələndə tanınmır. Azərbaycan onlardan imtina etmir, amma o diplom həmin ölkədə alınıbsa, həmin ölkədə də istifadə edilməlidir. Ancaq bu diplomlar “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”yə uyğun deyilsə, niyə qəbul etməliyik ki? Bəyəm sən gedib xaricdə elə-belə kurs işi yazmısansa və buna görə də diplom verilibsə, niyə o diplom burada ekvivalent olsun ki? Universitetin fəaliyyətindən, məzmunundan bilmək olar ki, bunun keyfiyyəti nə dərəcədədir.

 

Biz “Made in Azərbaycan” deyirik, amma unutmuşuq ki, Azərbaycan təhsil xidmətini də “Made in Azərbaycan” çərçivəsində dəyərləndirmək lazımdır.  Dinləyici kimi sertifikat alaraq gəlib milləti aldadıb, dələduzluq edirlər. Bilmək lazımdır ki, bu qanunsuz fəaliyyətdir”.