Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-19 14:51:28
LDU-da “20 Yanvar qan yaddaşımızdır” mövzusunda konfrans keçirilib

Lənkəran Dövlət Universitetinin (LDU) Böyük akt zalında Azərbaycan tarixinin ən ağrılı səhifəsi olan 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş “20 Yanvar qan yaddaşımızdır” mövzusunda konfrans keçirilib.


AzEdu.az xəbər verir ki, tədbir iştirakçıları 20 Yanvarda və Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda şəhid olanların xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.


Konfransı giriş sözü ilə açan Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov 34 il öncə baş verən qanlı faciənin mahiyyəti, onu doğuran səbəblər, həmin vaxt ölkədə yaşanan xaos, xalqın apardığı azadlıq mübarizəsi, Qarabağ zəfəri barədə danışıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə ölkənin paytaxtı Bakıda baş verən qanlı qətlyamı, onun dəhşətli nəticələrini, yüzlərlə günahsız insanın gülləbəran edildiyini xatırlayan universitet rəsmisi 20 Yanvar faciəsini 2020-ci ilin 10 Noyabr-Zəfər gününə gedən yolun başlanğıcı kimi dəyərləndirib.

 

Bildirib ki, 20 Yanvar təkcə faciə deyil, həm də Azərbaycan tarixinin qanla yazılmış şərəf, qürur salnaməsi, milli oyanış tarixidir. Professor N. İbrahimov çıxışında Ümummilli lider Heydər Əliyevin bütün maneələri aşaraq faciənin səhərisi gün Moskvada resbublikamızın Daimi Nümayəndəliyinə gəlməsini, dərin hüzn içərisində xalqımıza başsağlığı verməsini böyük vətənpərvərlik nümunəsi adlandırıb. Bildirib ki, ulu öndərin Vətəninin harayına yetişərək beynəlxalq mətbuat konfransı keçirməsi Bakı həqiqətlərini bütün dünyaya yayılması üçün geniş bir qapı açıb.Ümummilli liderin 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı 1994-cü il yanvarın 5-də imzaladığı fərmanda həm də Milli Məclisə hadisəyə tam siyasi-hüquqi qiymət verməsi tövsiyə olunub və 1994 cü il mart ayının 29-da ölkə parlamenti “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edib.


Beləliklə də 20 Yanvar faciəsi məhz Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz hüquqi-siyasi qiymətini alıb. Rektor çıxışında ulu öndərin və azadlıq uğrunda canından keçən şəhidlərin heç zaman unudulmayacağını, xalqın qan yaddaşında, xatirəsində daima yaşayacağını, həmişə ehtiramla anılacağını deyib. Universitetin "Tarix-coğrafiya və incəsənət" fakültəsinin dekanı, dosent Afaq Qasımova “20 Yanvar Azərbaycan xalqı üçün unudulmaz tarixdir” mövzusunda geniş məruzə edib.


Məruzədə faciəni doğuran tarixi şərait, səbəbləri və ibrət dərsləri ətraflı təhlil olunub, 20 Yanvar faciəsinin rus imperiyasının həmin illərdə ittifaq respublikalarında, o cümlədən , Azərbaycanda yürütdüyü şovinist siyasətin acı nəticəsi olduğu vurğulanıb. Bildirilib ki, M.Qorbaçov və onun əlaltılarının bütün cidd-cəhdlərinə, törətdikləri qanlı qətlyama baxmayaraq Azərbaycan xalqı  haqq mübarizəsindən nəinki geri çəkildi, əksinə, mübarizəni davam etdirərək, ittifaq halqasından qoparaq müstəqilliyini elan edən ilk respublikalardan oldu. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin liderlik fəaliyyəti xalqımızın çağdaş tarixinin yarım əsrlik bir dövrünün başlıca yönünü və məzmununu təşkil edir. Məruzədə qeyd edilib ki, Heydər Əliyev, hər şeydən əvvəl, bu faciəni Azərbaycana qarşı törədilmiş bəşəri cinayət adlandırıb. 20 Yanvar hadisəsi ilə bağlı ulu öndərin mövqeyi, açıqlamaları, atdığı addımlar 34 il öncə baş vermiş mürəkkəb və qanlı hadisələrin mahiyyətini anlamaqda, onun ibrət dərslərini öyrənməkdə xalqımızın qiymətli mənəvi qaynağıdır.

 


Lənkəran Dövlət Universitetinin Tarix və onun tədrisi metodikası kafedrasının müdiri, dos. Kamal Mahmudov, Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, dos.Qədim Rufullayev çıxışlarında 34 il öncə baş verən hadisələri Azərbaycanın qanla yazılmış şanlı tarixi, şərəf, qeyrət salnaməsi, qəhrəmanlıq səhifəsi kimi dəyərləndiriblər, xalqın azadlıq mübarizəsində H.Əliyevin müstəsna rolunu xüsusi vurğulayıblar. Yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədilə faciənin ibrət dərslərinin tələbələrə bütün açıqlığı ilə, faktlar və sənədlər əsasında çatdırılmasının, təbliğinin əhəmiyyəti, 20 Yanvar hadisələrinin ədəbiyyatımızda əksi də çıxışlarda əksini tapıb.


Konfrans 20 Yanvar faciəsindən bəhs edən videoçarxa baxışla yekunlaşıb.