Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-19 11:29:55
İkili diplom proqramının şəbəkələşmə toplantısı keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə ABŞ-ın Corc Vaşinqton Universiteti arasındakı ikili diplom magistr proqramının tələbə və məzunlarının şəbəkələşmə toplantısı keçirilib.

 

AzEdu.az AZƏRTAC-a istinadən xəbər verir ki, qeyri-rəsmi formatda keçirilən toplantıda elm və təhsil naziri Emin Əmrullayev proqramın Azərbaycan təhsilinin inkişafı üçün peşəkar təhsil liderlərinin yetişdirilməsində önəmindən danışıb. Nazir tələbə və məzunlara uğurlar arzulayıb, onların yaratdığı şəbəkənin davamlı olmasını arzulayıb.

 

Sonra ADPU-nun rektoru professor Cəfər Cəfərov və Corc Vaşinqton Universitetinin dekanı Maykl Foyer proqramın icrasından və qarşılıqlı əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər.

 

Toplantıda tələbə və məzunların fikirləri dinlənilib. Tələbə və məzunların real iş mühitində qazandığı nailiyyətlər, proqramın onların peşəkar fəaliyyətlərinə təsirləri ətrafında səmimi müzakirələr aparılıb.

 

Qeyd edək ki, ikili diplom proqramı “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2020-ci il 31 yanvar tarixində ADPU ilə Corc Vaşinqton Universiteti arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən həyata keçirilir.