Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-18 17:23:00
UNEC-də “Məzunların məşğulluq reytinqi” platformasının təqdimatı olub

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırlanan “Məzunların məşğulluq reytinqi” platformasının təqdimatı olub.

 

AzEdu.az xəbər verir ki, təqdimatda iştirak edən Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli “Məzunların məşğulluq reytinqi” platforması barədə məlumat verərək, platformanın ölkənin təhsil sisteminə yeni nəfəs gətirəcəyini və fərqliliklər yaradacağını vurğulayıb.

 

Sədr bildirib ki, əsas məqsəd gənclərin peşə seçimi zamanı əmək bazarının tələbləri barədə məlumatlı olmalarını təmin etmək və tələb olunan peşələrin tədris olunduğu ali təhsil məktəblərini rahat müəyyənləşdirmələrinə şərait yaratmaqdır. Platforma universitetlər arasında rəqabəti gücləndirəcək, əmək bazarına hazırlıqlı məzunların yetişdirilməsinə və gələcəkdə ali təhsil ocaqlarının ixtisaslaşmasına səbəb olacaq.

 

UNEC rektoru professor Ədalət Muradov ölkədə ilk dəfə məzunların məşğulluq vəziyyətini göstərən portalın istifadəyə verilməsini yüksək qiymətləndirərək sistemin universitetlər üçün əvəzolunmaz üstünlüklər vəd etdiyini bildirib. Rektor vurğulayıb ki, son dövrlərdə universitetlər arasında formalaşan rəqabət mühiti yeni platforma ilə daha da güclənəcək. “Məzunun əmək bazarında layiqli işlə təminatı və aldığı əməkhaqqı universitetə verilən qiymətdir” deyə Ədalət Muradov qeyd edib.

 

Daha sonra “Məzunların məşğulluq reytinqi” platformasının üstünlükləri və istifadəsi ilə bağlı geniş təqdimat edilib. Bildirilib ki, əmək bazarı ilə əlaqəli hər bir şəxsin maraq dairəsində olacaq, ixtisas seçimində əsas naviqator roluna malik “Məzunların məşğulluq reytinqi” platformasının hazırlanmasında əsas məqsəd abituriyentlərin ali təhsil müəssisələrinin məşğulluq imkanları haqqında məlumatlılığını təmin etmək və məzunların məşğulluq reytinqi xəritəsinin yaradılmasıdır.

 

Platforma 3 bölmədən ibarətdir. Burada hər bir universitetin məzunlarını daha çox işlə təmin edən top 10 işəgötürənin adı, iqtisadi fəaliyyət növləri, məzunların işlə təminatı üzrə müddət aralıqları, ixtisasları üzrə çalışmaları, cins, sektor, sahə, əməkhaqqı aralıqları və  digər parametlər, universitetlərin, ixtisasların reytinqləri əks olunur.

 

“Məzunların məşğulluq reytinqi” platformasından istifadə ali təhsil müəssisələrinə qəbulun planlaşdırılmasına və kvotaların müəyyənləşdirilməsinə də ciddi töhfə verəcək.

 

Daha sonra platforma ilə bağlı suallar cavablandırılıb.