Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-18 11:03:00
Bakıdakı repetitorlar niyə bölgələrdəkilərdən çox qazanır?

Müşahidələrimizə əsasən görürük ki, repetitor qiymətləri ərazidən asılı olaraq dəyişir. Bakı şəhərində fərdi repetitor hazırlıqlarının qiymətləri 150-200 manata qədər, qrup halında isə 100 manata qədər arta bilir.

 

Ancaq bölgələrə baxdıqda bu qiymətlərin yarıya qədər endiyinin şahidi oluruq.

 

Maraqlıdır, öyrədilən bilik eynidirsə, o halda nəyə görə bölgə müəllimləri ilə şəhər müəllimləri arasında qiymət fərqi bu qədər çoxdur?

 

Mövzu ilə əlaqədar təhsil eksperti Elşən Qafarov AzEdu.az-a açıqlama verib.

 

Ekspert bildirib ki, bölgələrdə ümumi xərclər az olduğu üçün qiymətlərin aşağı olması repetitorlara da yansıyır: “Repetitorluğu yaradan səbəblər var, hansı ki, bu səbəbləri aradan qaldırmadan ciddi addım ata bilmərik. Paytaxtda, eləcə də digər şəhərlərdə qiymətlər daha yüksəkdir. Qiymətlərin yüksəkliyi meqapolislə əlaqədardır. Kənd və qəsəbələrdə repetitorlara verilən məbləğ daha aşağıdır. Orada həm tələbat, həm də yaşam xərcləri daha az olduğu üçün özəl xidmətlər, o cümlədən repetitorluq daha az qiymətə başa gəlir.

 

Repetitorluğun  bu qədər yayılmasının əsəs səbəbi Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlardır. Biz illərdir təklif edirik ki, DİM-dən test hazırlamaq səlahiyyəti alınaraq Prezident, yaxud Nazirlər Kabineti yanında Testologiya İnstitutu yaradılsın, DİM isə imtahan keçirən texniki quruma çevrilsin.

 

Düşünürəm ki, Testologiya İnstitutu olsa, şagirdlərin, məzunların, abituriyetlərin bilik və bacarıqlarına uyğun suallar hazırlanar. Artıq namizədlər məktəbdə aldıqları bilik və bacarıqlarına əsasən imtahan olduğu üçün məktəblərə də inam və etimad artmış olacaq”.

 

“Hazırlıq prosesindən ən çox istismar olunan uşaqlardır”, -deyə E.Qafarov vurğulayıb: “Hazırda repetitorluq müəllimlər üçün sərfəlidir. Çünki bu onlar üçün həm qazanc mənbəyidir. Həmçinin, repetitor ilə hazırlaşan şagirdlərin yaxşı nəticələri məktəbin adını da yüksəldir.

 

Ümumilikdə isə bu prosesdən ən çox istismar olunan şagird və məzunlardır. Repetitorluq artıq məktəbəhazırlıq mərhələsindən başlayır. Nəticədə uşaq istismar olunur və məktəbdə, təhsil sisteminə etimad getdikcə azalır. Repetitorlara tələbat varsa, qiymətlər də artır və ya azalır. Bu tək repetitorluqda deyil, bütün özəl xidmətlər, eləcə də usta xidmətləri, digər xidmətlər və s. aiddir”.