Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-18 09:06:00
Məktəb direktoruna cinayət işi açılması ilə bağlı AÇIQLAMA
Ötən gün kütləvi informasiya vasitələrində Mingəçevir şəhər N.Gəncəvi adına 8 nömrəli tam orta məktəbdə aşkar edilmiş qanun pozuntuları ilə bağlı Mingəçevir şəhər Prokurorluğunda cinayət işinin başlanılmasına dair məlumat yayımlanmışdır.
 
 
Məsələ ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsindən AzEdu.az-a açıqlama verilib. 
 
 
Bildirilib ki, Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən 21 avqust 2023-cü il tarixində Mingəçevir şəhər N.Gəncəvi adına 8 nömrəli tam orta məktəbdə təlim-tədris prosesində baş vermiş neqativ hallarla bağlı yoxlama aparılmış və məktəbin direktoru səlahiyyətlərini müvəqqəti icra edən, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Əliyeva Mayisə Məbud qızı qanunvericiliklə müəyyən olunmuş əmək funksiyası və vəzifəsini düzgün yerinə yetirə bilmədiyi üçün, eyni zamanda təlim-tədris prosesində baş vermiş maliyyə pozuntuları ilə bağlı dövlətə dəymiş maddi vəsait dövlət nəfinə ödənərək barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən, intizam tənbeh tədbiri görülmüş və direktoru səlahiyyətlərinin icrası 07.09.2023-cü il tarixli, müvafiq əmr ilə dayandırılmışdır.
 
Həmçinin qeyd edirik ki, Elm və Təhsil Nazirliyinin 08 sentyabr 2023-cü il tarixli, müvafiq əmrinə əsasən, sözügedən məktəbə Aysel Xəlilova direktor vəzifəsinə təyin olunmuşdur.
 
 
Əlavə olaraq bildiririk ki, hazırda Mingəçevir şəhər Prokurorluğunda Mingəçevir şəhər N.Gəncəvi adına 8 nömrəli tam orta məktəbdə 2022-2023-cü tədris ilində baş vermiş neqativ hallarla bağlı araşdırma aparılır.
 
 
Mərkəzi Aran Regional Təhsil İdarəsi təhsil müəssisələrində korrupsiya ilə əlaqədar hüquqpozmaların baş verməsini pisləyir, bunun qarşısının alınması və aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər görür.