Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-16 10:25:00
Təhsil müəssisələrinin istilik təminatı ilə bağlı mediatur KEÇİRİLİB

Yanvarın 16-da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrinin istilik təminatı ilə bağlı mediatur təşkil olunub.

 

AzEdu.az xəbər verir ki, paytaxtdakı 5 nömrəli tam orta məktəbdə və 174 nömrəli körpələr evi-uşaq bağçasında keçirilən mediaturda BŞTİ-nin Təminat, təchizat və təssərrüfat sektorunun müdiri Səccət Mahmudov, Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov və KİV nümayəndələri iştirak ediblər.

 

BŞTİ-nin Təminat, təchizat və təssərrüfat sektorunun müdiri Səccət Mahmudov Bakı şəhərindəki təhsil müəssisələrinin istiliklə təchiz edilməsi məsələsinin havaların soyuması ilə daha da aktuallaşdığını və məktəblərin istiliklə təminatına diqqətin artırıldığını bildirib. S.Mahmudov həmçinin təhsil müəssisələrinin mövsümə hazırlığı ilə əlaqədar BŞTİ tərəfindən sentyabr ayında “Azəristiliktəchizat” ASC, “Azəriqaz” İstehsalat Birliyi və “Azərsu” ASC-nin nümayəndələrinin iştirakı ilə görüşlər keçirildiyini, BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində ocaqçı vəzifəsində çalışan işçilər üçün təlimlər təşkil olunduğunu diqqətə çatdırıb.

 

Sektor müdiri təhsil müəssisələrinin istiliklə təminatı məsələsində qarşıya çıxan məsələlərin operativ həlli üçün BŞTİ tərəfindən zəruri işlər görüldüyünü, hər il olduğu kimi bu tədris ilində də məktəb və bağçaların istiliklə təmin olunmasının normal təşkili üçün sentyabr-oktyabr aylarında monitorinqlərin aparıldığını bildirib. S.Mahmudov monitorinqlər nəticəsində problemlər aşkar olunan məktəb və bağçalarda təmir-bərpa işləri aparıldığını, gündəlik yarana bilən zəruri ehtiyacların aradan qaldırılması istiqamətində aidiyyəti qurumlarla birgə operativ tədbirlər görüldüyünü, təhsilin fasiləsizliyinə və səmərəli tədris mühitinin təmin olunmasına xüsusi diqqət yetirildiyini nəzərə çatdırıb.

 

S.Mahmudov hazırda təhsil müəssisələrinin istilik təminatı ilə bağlı həyata keçirilən kompleks işlər nəticəsində istiliklə bağlı elə bir ciddi problemlərin yaşanmadığını bildirib.

 

Qeyd edək ki, BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrindən 248-i “Azəristilik” ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 428-i isə fərdi qazanxana vasitəsilə istiliklə təchiz edilir.