Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-10 11:12:00
Bağça müəllimlərinin sertifikasiyası: “...bu bilikləri yoxlanılmalıdır”

Elm və Təhsil Nazirliyindən verilən məlumata əsasən 2026-ci ilə qədər bağça müəllimləri də sertifikasiya prosesinə cəlb olunacaq.

 

Bəs, onlar üçün sertifikasiya imtahanı necə təşkil olunmalıdır? Tərbiyəçi-müəllimlərin hansı bilik və bacarıqları yoxlanılmalıdır?

 

AzEdu.az-a açıqlama verən məktəbəqədər təhsil üzrə mütəxəssis Xalidə Musayeva bildirib ki, bağça müəllimlərinin sertifikasiya imtahanında canlı müsahibələr daha çox önəm daşımalıdır:

 

“Sertifikasiya ümumiyyətlə müəllimlərin yeni biliklərini yoxlayan xüsusi bir prosesdir və bunun təşkil olunması zəruridir. Bağça müəllimlərinin digər müəllimlərdən fərqi ondan ibarətdir ki, onlar uşağa qayğı və qulluq göstərir. Əlbəttə qayğını bütün təhsilverənlər göstərməlidir. Ancaq bağça müəllimləri buna daha yüksək səviyyədə diqqət etməli,uşaqlara xüsusi qulluq etməlidir. Tərbiyəçi-müəllimlərin psixologiyası azyaşlı uşaqlarla çalışmaq üçün əlverişli olmalıdır. Buna görə də onlar üçün nəzəri deyil, praktiki biliklər daha çox əhəmiyyət daşıyır.

 

Məsələn, tutaq ki, biologiya müəllimi sertifikasiya imtahanı verəndə onun bilik və bacarıqları müəyyən testlərlə yoxlanılır. Həmin suallara cavab verən müəllimlər sertifikasiyadan keçmiş olur. Ancaq tərbiyəçi-müəllimlər bundan fərqli olaraq  mürəkkəb tapşırıqlara cavab verməlidir. Onlarda uşaqla işləmək hövsələsi, tanımaq bacarığı, uşaq psixologiyası və fizioloji yaş xüsusiyyətlərinə dair biliklər olmalıdır. Bu bacarıqların hamısı yoxlanılmalıdır. Əlbəttə ki, bu bacarıqların hər hansısa suallarla yoxlanılması bir az çətin olacaq. Ona görə də bağça müəllimlərinin sertifikasiyasında ən çox müsahibə mərhələsinə diqqət yetirilməlidir”.

 

Mütəxəssis qeyd edib ki, tərbiyəçi-müəllim məktəbə qədər təhsili əks etdirən metodikaları bilməlidir:

 

“Bu metodika uşağın ümumi idrak prosesini, nitqini, sağlamlığını, təhlükəsizliyini və ətraf mühiti necə dərk edə biləcəyi prinsipi əsasında qurulmalıdır. Biz uşaqda ilkin məntiqi və estetik bacarıqları formalaşdırmalıyıq. Əgər bağça müəlliminin  bu bacarıqları yoxdursa, onun bağçada işləməsi düzgün deyil. Bizə məktəbəqədər təhsil müəssisəsində yazı yazdıran, lövhə qabağında dərs keçən müəllimlərə ehtiyac yoxdur. Sadəcə olaraq uşaqla birgə gülən, əylənən, sevərək öyrədə bilən müəllimlərə ehtiyac var. Bunu bacaran tərbiyəçi-müəllimlər sertifikasiyadan yaxşı nəticə göstərəcək".

 

Nigar Nəcəfova