Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-08 09:43:17
UFAZ-da daha bir yenilik! Yekun semestr imtahanları davamlı qiymətləndirmə sistemi ilə əvəzləndi

Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan - Fransız Universiteti (UFAZ) davamlı qiymətləndirmə sisteminə keçib.

 

AzEdu.az xəbər verir ki, UFAZ-da tətbiq olunan yeni qaydalara əsasən, artıq yekun semestr imtahanları ləğv edilib və qiymətləndirməni həyata keçirmək üçün nəzərdə tutulan 3 müxtəlif tapşırıq və ya aralıq imtahanı dekabr ayının sonuna qədər yekunlaşdırılır.

 

Nəticədə, tələbələr bütün fənləri semestr boyunca öyrənir və daim hazırlıqlı olurlar. Bu barədə qərar UFAZ-ın Elmi Komitəsinin tövsiyəsi ilə Rəhbər Komitənin iclasında qəbul olunub. Qeyd edək ki, davamlı qiymətləndirmə sistemi dünyanın bir çox qabaqcıl universitetlərində tətbiq olunur. Bu sistem tələbələrə gələcək peşəkar fəaliyyətlərində faydalı olacaq vaxtın idarə edilməsi, eyni anda bir neçə işi görmə bacarığı kimi xüsusiyyətləri qazandırır.

 


Onu da xatırladaq ki, UFAZ-da akademik təqvimə əsasən tədris ilinin başlama və bitmə tarixləri hər il fərqli ola bilər. 2023/2024-cü tədris ilinin payız semestri sentyabr ayının 11-dən 29 dekabra qədər davam edib. Yaz semestri isə 29 yanvar tarixindən may ayının 27-nə qədər davam edəcəkdir. 2016-cı ildən fəaliyyətə başlayan UFAZ-da 4 ixtisas üzrə - Geofizika mühəndisliyi, Kimya mühəndisliyi, Neft-qaz mühəndisliyi və Kompüter elmləri ixtisasları üzrə tədris həyata keçirilir. UFAZ məzunları iki diploma (Strasburq Universiteti və ya Ren 1 və ADNSU) sahib olurlar. UFAZ-da bütün ixtisaslar üzrə tədris 4 ildir.