Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-07 14:25:08
AzTU-da qış imtahan sessiyası başlayıb

Yanvarın 7-də Azərbaycan Texniki Universitetində (AzTU) bakalavriat və magistratura (əyani) səviyyələrində 2023/2024-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası başlayıb. Sessiya fevralın 1-də yekunlaşacaq.

 

AzEdu.az xəbər verir ki, qiyabi təhsil alanlar üçün imtahan sessiyası isə 7-12 yanvar tarixlərini əhatə edəcək.

 

İmtahanlar əyani təhsil alan birinci kurslar üçün test, yazılı və şifahi, əyani təhsil alan II, III və IV kurslar üçün kompüter vasitəsilə şifahi (yazılı) üsulla keçirilir. Qiyabi təhsil alan I, II, III, IV kurslar üçün imtahanlar test, V kurslar üçün isə şifahi (yazılı) üsulla təşkil edilib.

 

Magistratura səviyyəsində isə imtahanlar şifahi (yazılı) üsulla keçiriləcək.

 

Sessiya zamanı üzrlü səbəblərdən imtahanda iştirak etməyən tələbələrə fevralın 8-dən 14-dək həmin fənlərdən imtahan vermək üçün şərait yaradılacaq.

 

Qeyd edək ki, sessiyanın gedişinə nəzarət, həmçinin şəffaflığın təmin olunması məqsədilə AzTU-da Apelyasiya Komissiyası, İmtahan Qərargahı və "Qaynar xətt" (+99412 539 13 05) fəaliyyət göstərir.