Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-27 12:13:00
1 şagirdi olan məktəbin rəhbəri: “Müəllim üçün şagird sayının fərqi olmamalıdır”

Elm və Təhsil Nazirliyindən verilən məlumata əsasən Azərbaycan ərazisində 1 şagirdin təhsil aldığı 7 məktəb fəaliyyət göstərir. Bu məktəblərdən biri də Qubanın Xırt kəndində yerləşən Xırt kənd ibtidai məktəbidir.

 

AzEdu.az Təhsil Portalı olaraq həmin məktəbin müəllim, (rəhbər) eləcə də şagirdi ilə əlaqə saxladıq.

 

Xırt kənd ibtidai məktəbin rəhbəri Arif Babayev bildirib ki, əvvəlki illərdə məktəbdə 20-yə qədər şagird təhsil alıb: “23 ildir Xırt kənd ibtidai məktəbində tək işləyirəm. Əvvəllər məktəbdə şagird sayı çox idi, lakin son illər bu say 6-7-yə qədər azaldı, hətta keçən il 4 şagird təhsil alırdı. İndi təkcə üçüncü sinifdə 1 qız şagird təhsil alır. Növbəti il yerdəyişmə ilə daha bir şagirdin 4-cü sinfə gəlməsi planlaşdırılır”.

 

Məktəbin rəhbəri şagird sayının az olmasının səbəbləri barədə danışıb: “Məktəbdə, ümumiyyətlə kənddə uşaq sayının az olmasının səbəbi əhalinin köçməsi ilə bağlıdır. Ucqar dağ yerində gənclər üçün iş yerləri olmadığına görə onlar şəhərə gedirlər. Araşdırsaq görərik ki, dağlıq ərazilərdə məhz bu səbəblərdən dolayı uşaq sayı çox azdır. Kənddə bir məktəb olmasına baxmayaraq şagird sayının 1 olması buna əyani sübutdur”.

 

A.Babayev bildirib ki, şagirddə hər hansısa bir ruh düşkünlüyü müşahidə etməyib: “Şagirdim Nəzrinin indiyə qədər dərs prosesində sıxıldığını, dərsə həvəssiz yanaşdığının şahidi olmamışam. Hətta deyim ki, o, hər gün dərsə gəlir. Hava şəraitindən asılı olmayaraq onun davamiyyəti həmişə 100% olub. Qeyd edim ki, kənd məktəbi olmasına baxmayaraq fəaliyyətim dövründə heç bir şagirdin dərsdən qaldığının şahidi olmamışam”.

 

Məktəbdə bufetin fəaliyyəti ilə bağlı  sualımıza cavab verən müəllim bildirib ki, təhsil müəssisəsində indiyə qədər bufet fəaliyyət göstərməyib: “Əvvəllər məktəbimiz çox yararsız, divarları uçmaq üzrə idi. 2007-ci ildə 10 şagird yerlik məktəb tikildi. Otaqlardan birinə lazımi əşyaları, eləcə də yanacaq üçün odunlar yığırıq. Digər otaqda isə dərs keçirik”.

 

“Məktəbdə bir şagird, bir müəllim olmağı mənə bir qədər qəribə gəlsə də, çalışıram hər gün vəzifə borcumu lazımi şəkildə yerinə yetirim”, - deyə müsahibimiz bildirib: “Kənddə yol və qaz problem olduğu üçün gələn müəllimlər çox qalmadan gedirdi. Hazırda məktəbdə tək müəllim olduğum üçün çalışıram ki, şagirdə sıxıcı olmayan mühit yaradım. Texnologiya, təsviri incəsənət və s. fənlər üçün 45 dəqiqədən əlavə vaxt qalır. Artıq vaxtı səmərəli dəyərləndirmək üçün digər fənlərdən mövzular seçib, izah edirəm”.

 

“Şagird azlığı heç vaxt müəllimlik həvəsimə xələl gətirməyib”: “Müəllim üçün şagird sayının fərqi olmamalıdır. İstər 10 uşaq olsun, istərsə də 1 uşaq. Fərqi yoxdur. Mənim işim dərs deməkdir”.

 

Gələcəyin Riyaziyyat müəllimi olmaq istəyən məktəbin üçüncü sinif şagirdi Nəzrin Süleymanova bildirib ki, istəyərdim ki, mənim də hamı kimi sinif yoldaşım olsun:

 

“Sinif yoldaşlarım olmadığı üçün tənəffüsdə ancaq tək oynaya bilirəm. Afurca kənd məktəbində oxuyan dostlarım var ki, məktəbdən sonra onlarla oynayıram. Dördüncü sinifdən sonra təhsilimi Afurca kənd məktəbində davam etdirəcəm, onda çoxlu sinif yoldaşlarım olar”.

 

“Ən sevdiyim fənn riyaziyyatdır”,- deyə Nəzrin vurğulayıb: “Riyaziyyat fənnini çox sevirəm, buna görə də gələcəkdə Riyaziyyat müəllimi olmaq istəyirəm”.