Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-20 12:19:40
DİM-də maarifləndirmə tədbir keçirilib

"Gənclərin dövlət qulluğu sahəsində biliklərinin artırılması” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

 

AzEdu.az xəbər verir ki, 19 dekabr 2023-cü il tarixində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tələbələrin, “Gənclər evi” sosial xidmət müəssisələrinin əməkdaşlarının və dövlət qulluğuna hazırlaşan gənclərin iştitakı ilə “Gənclərin dövlət qulluğu sahəsində biliklərinin artırılması” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

 

Tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Gülgəz Tağıyeva, Dövlət İmtahan Mərkəzinin Dövlət qulluğu siyasəti və dövlət strategiyası ilə iş sektorunun müdiri Elnur Abbasov, "Cəmiyyətin İnkişafı Mərkəzi” İctimai Birliyinin sədri, dövlət qulluğu üzrə müsahibələrdə müstəqil ekspert  Əhməd Abbasbəyli iştirak ediblər.

 

Maarifləndirmə tədbiri dövlət qulluğunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə gənclərin məlumatlandırılması və onların dövlət qulluğuna marağının artırılması məqsədilə keçirilib. Gənclər və İdman Nazirliyinin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Gülgəz Tağıyeva nazirliyin kadr potensialının inkişaf etdirilməsi, yüksək mənəvi və etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən gənclərin işə qəbulu, nazirliyin fəaliyyətində səmərəliliyin artırılması istiqamətində görülən işləri qeyd edib.

 

Dövlət İmtahan Mərkəzinin Dövlət qulluğu siyasəti və dövlət strategiyası ilə iş sektorunun müdiri Elnur Abbasov dövlət qulluğuna qəbul mexanizmləri, dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti, dövlət qulluğu sahəsində elektron xidmətlər, dövlət qulluqçusu anlayışı, dövlət qulluqçusunun əsas vəzifələri və hüquqları, dövlət qulluqçuları üçün təminatlar, qulluqda fəaliyyətin davam etdirilməsi şərtləri haqqında geniş məlumat verib. 

                                                   

"Cəmiyyətin İnkişafı Mərkəzi" İctimai Birliyinin sədri, dövlət qulluğu üzrə müsahibələrdə müstəqil ekspert  Əhməd Abbasbəyli gənclərin dövlət qulluğuna marağının artırılmasının gənc nəslin qüvvəsini, bilik və bacarığını dövlət quruculuğuna yönəldilməsində əhəmiyyətini vurğulayıb, dövlət qulluğuna qəbul haqqında ətraflı məlumat verib. Daha sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.  

             

Tədbirdə 110 nəfər iştirak edib.