Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-20 09:00:28
“Yüksəliş” müsabiqəsinin qalibi tələbələrlə görüş keçirib

“Yüksəliş” müsabiqəsi qalibinin Mentorluq proqramı çərçivəsində tələbələrlə növbəti görüşü keçirilib.

 

Müsabiqənin İşçi Qrupundan AzEdu.az-a bildirilib ki, birinci “Yüksəliş” müsabiqəsinin qalibi Orxan Quliyev proqrama qəbul olunan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri Səriyyə Əliyeva, Mədinə Abbasova, Nərmin Zeynallı ilə tanışlıq görüşü keçirib. Mentor Orxan Quliyev əmək bazarında güclü kadr olmaq üçün müxtəlif sahələrdə iş təcrübələrini artırmaq məqsədilə atılacaq addımlardan danışıb. Müasir texnologiya sahəsinin inkişafı nəticəsində əldə edilən bilik və bacarıqların karyera üçün önəmli perspektivləri barədə müzakirələr aparılıb. O, Mentorluq proqramının gələcək gedişatı ilə bağlı atılacaq addımları bölüşüb. Tələbələr isə ixtisas artımı istiqamətində yararlı olacaq layihələrdə iştirak etməkdə maraqlı olduğunu qeyd edib, Mentorluq proqramı çərçivəsində yaradılan imkana və səmimi görüşə görə təşəkkürünü bildiriblər.

 

Qeyd edək ki, Mentorluq proqramının əsas məqsədi III və IV kurs tələbələrinin “Yüksəliş” müsabiqəsinin qaliblərinin idarəçilik təcrübəsindən yararlanmasını və gələcək karyera fəaliyyəti ilə bağlı tövsiyələr almasını təmin etməkdir. Proqramın sonunda “Yüksəliş” müsabiqəsinin qalibləri tərəfindən tələbələrə tövsiyə məktubu təqdim ediləcək.

 

“Yüksəliş” müsabiqəsinin təşəbbüsü ilə start götürən proqrama 65 tələbə qəbul olunub. Seçim tələbələrin bioqrafiyası və motivasiya məktublarına əsasən həyata keçirilib. Proqramın 2024-cü ilin iyun ayının sonunadək davam etməsi gözlənilir.

 

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.

 

“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxiledilmə və 20 min manat dəyərində pul mükafatı gözləyir.