Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-16 18:28:20
Naxçıvanda şagirdlər arasında fənn müsabiqəsi keçirilib

Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş fənn müsabiqəsində 16 mindən artıq şagird iştirak edib.

 

Naxçıvan Muxtar Respublikası Təhsil  Nazirliyindən AzEdu.az-a bildirilib ki,  dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş VIII-XI sinif şagirdləri arasında Azərbaycan dili, riyaziyyat, xarici dil fənlərindən fənn müsabiqəsi keçirilib.

 

 Müsabiqə Naxçıvan şəhərində 20, Şərur rayonunda 8, Babək rayonunda 5, Ordubad rayonunda 4, Culfa rayonunda 11, Kəngərli rayonunda 2, Şahbuz rayonunda 6, Sədərək rayonunda isə 5 olmaqla ümumilkdə 61 mərkəzdə təşkil olunub və 16 mindən artıq şagird iştirak edib. Müsabiqədə şagirdlərə Azərbaycan dilindən, riyaziyyat və xarici dil fənlərinin hər birindən 25 olmaqla ümumilikdə 75 sual təqdim olunub, sualların cavablandırılması üçün 180 dəqiqə vaxt ayrılıb.

 

 Şagirdlər müsabiqədəki nəticələri ilə bağlı məlumatları müsabiqədən 3 gün sonra sual kitabçalarının üzərində yerləşdirilən “QR” kodunu mobil telefon vasitəsilə oxutmaqla öyrənə biləcəklər.         

Qeyd edək ki, müsabiqədə yüksək nəticə göstərən şagirdlər Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən fəxri fərman və müxtəlif hədiyyələrlə mükafatlandırılacaq.