Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-17 16:50:50
Valideynlər üçün “Payız məktəbi” davam edir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşəbbüsü ilə valideynlər üçün “Payız məktəbi” davam edir.

 

AzEdu.az xəbər verir ki, “Payız məktəbi” paytaxtdakı 96, 127, 283, 320 və 321 nömrəli tam orta məktəblərdə təşkil olunur.

 

Payız tətili günlərində keçirilən “Payız məktəbi”nin əsas məqsədi uşaqlarla yaş dövrünə uyğun davranışla bağlı valideynləri maarifləndirmək, şagirdlərin asudə vaxtının səmərəli təşkili istiqamətində müvafiq tövsiyələr vermək, şagirdlərin təhsil nailiyyətlərinin artırılması baxımından məktəb-valideyn əməkdaşlığını müzakirə etmək, qarşıya qoyulan hədəflərlə bağlı valideynləri məlumatlandırmaq, həmçinin məktəb-valideyn münasibətlərini təkmilləşdirmək, effektiv məktəb mühitini formalaşdırmaq, müəllimin və məktəbin nüfuzunun artırılmasına nail olmaqdan ibarətdir.

 

“Payız məktəbi” çərçivəsində BŞTİ-nin nəzdində Təlimə Dəstək Mərkəzinin psixoloqları Səidə Əhmədova, Heyran Səfərova və Aysel Novruzova tərəfindən V siniflərin valideynləri üçün “Gəlin birlikdə uyğunlaşaq” və böhran yaş dövrü ilə əlaqədar VII-VIII siniflərin valideynləri üçün “Övladımı tanıyırammı?”, həmçinin “Ümidli gələcək” Sosial İnkişaf İctimai Birliyinin psixoloqları Aynur Məmmədova və Günel Süleymanlı tərəfindən “Uşaq müdafiəsi və təhlükəsizliyi” mövzusunda təlimlər keçirilir.

 

Təlimlərdə şagirdlərin təlim-tərbiyəsinin səmərəliliyini artırmaq, valideynlərlə məktəb arasında daha effektiv ünsiyyət mühiti yaratmaq barədə tövsiyələr verilir, müvafiq mövzularda suallar təlimçilər tərəfindən cavablandırılır.

 

Bundan əlavə, noyabrın 20-də övladları inklüziv siniflərdə təhsil alan valideynlərin iştirakı ilə Bakı şəhəri 283 nömrəli tam orta məktəbdə BŞTİ-nin əməkdaşı Elşad Səfixanov və 83 nömrəli məktəb-liseyin müəllimi Kəmalə İslam tərəfindən “İnklüzivlik” mövzusunda görüş keçirilməsi nəzərdə tutulur.