Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-17 16:39:00
Bu gün Leonid meteor selinin piki başlayır

Noyabrın 17-də gecə boyu Leonid meteor selinin piki baş verəcək.

 

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından AzEdu.az-a bildirilib ki, Ay saat 20:35-də batacaq və onun işığı meteorları görməyə mane olmayacaq. Ayın olmadığı qaranlıq səmada saatda 10-15 meteor görmək mümkün olacaq. Meteorlar gecəyarısına doğru üfüqə yaxın hissədə, əsasən Şir bürcü ətrafında müşahidə olunmağa başlayacaq. Leonidləri dekabrın 2-dək müşahidə etmək mümkün olacaq.

 

Yer atmosferinə paralel trayektoriya ilə daxil olan meteoridlər bu cür meteor sellərini yaradır. Onların səmada peyda olduğu nöqtə radiant adlanır və adətən meteor selləri həmin radianta uyğun gələn bürclərin adı ilə adlandırılır.

 

Qeyd edək ki, 1966-cı il noyabrın 17-də səhər saatlarında 15 dəqiqə ərzində dəqiqədə minlərlə meteor düşüb. Həmin gecə Leonid meteorları qısa müddət ərzində yağış kimi yağmışdı. Bu hadisə insanlarda Yerin kosmosda hərəkət edərkən meteor axınından keçməsi barədə təəssürat yaratdı. Leonidlərin bu cür intensiv yağışı 33-34 illik periodla təkrarlanır.

 

2023-cü ilin sonunadək dekabrın 14-15-də Geminid meteor selinin, dekabrın 22-23-də isə Ursid meteor selinin piki gözlənilir. Geminid meteor selinin pikində saatda 150, ursidlərdə isə 10-dan çox meteor düşür. Lakin dekabrın 21-22-də Ay bədirlənmiş Ay fazasına yaxın olduğundan ursidlərin müşahidəsinə mane olacaq.