Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-04 12:22:00
Məktəb bufetlərinin fəaliyyətinə valideynlər də nəzarət etməlidir - EKSPERT

Valideynlərin bir çoxu övladının sağlamlığı üçün onu bir sıra qidalardan uzaq tutmağa çalışır. Bunlar konservləşdirilmiş, həddindən artı yağlı, duzlu və istiotlu qidalardır. Ancaq valideynlər övladlarına  məktəb xaricində bu qidaları qadağan etsələr də, məktəb daxilində yerləşən bufetlərdə bu kimi məhsullarıın satışı kifayət qədərdir. 

 

Bəs məktəb rəhbərliyi və valideynlər bu məsələyə hansı formada nəzarət edə bilər?

 

Təhsil eksperti Elşən Qafarov AzEdu.az-a açıqlamasında qanunvericiliyə əsaslanaraq bufetlərdə satılması qadağan olan məhsullar barədə danışıb.

 

“Təhsil müəssisələrində sanitar-gigiyenik qaydalar Nazirlər Kabinetinin 3 avqust 2012-ci il 171 saylı qərarına əsasən tənzimlənir. Sözügedən qaydalarda məktəb bufetlərində uşaqların sağlamlığına mənfi təsir göstərəcək məhsullar sadalanıb və satışına icazə olmaması qeyd edilib. Eyni zamanda,  çips (qızardılmış kartof dilimləri), duzlu, istiot aromatlı qızardılmış çubuqlar, qızardılmış çörək qırıntıları (suxarı) və s. kimi məhsulların məktəb bufetlərində satılması da yolverilməzdir.

 

Ötən günlərdə məktəblərdə baş verən zəhərlənmə hadisəsilə görmüş olduq ki, bu məsələlərə xüsusi diqqət yetirmək lazımdır. Baş verən hadisələr Qida Təhlükəsizliyi Agentliyinin məktəblərdə monitorinq keçirməsinin labüdlüyünü ortaya qoyur. Digər bir tərəfdən, agentliyin "qaynar xətti" ilə bağlı bütün valideynlər məlumatlandırılmalıdır”.

 

Ekspert sözügedən məsələdə valideynlərin rolunu da xüsusi olaraq qeyd edib:

 

“Bu məsələdə valideynlərin rolu da az deyil. Məktəb rəhbərliyi də, valideynlər də ictimai nəzarəti həyata keçirməli, hansısa bədbəxt hadisənin yaşanmaması üçün məsuliyyəti dərk etməlidir. Əgər məktəb bufetində qida təhlükəsizliyi şübhə altındadırsa, bu öncəliklə məktəb rəhbərliyinə bildirilməli, həll olunmadığı təqdirdə lazımi qurumlara müraciət olunmalıdır. Bir çox hallarda zəhərlənmə kimi hallar olsa belə, üstü örtülür və digər valideynlər bundan xəbərsiz qalırlar.

 

Qida Təhlükəsizliyi Agentliyinin "qaynar xətt"inə müraciət olunan zaman həmin məktəbin bufetində monitorinq təşkil olunur. Əgər hansısa nöqsan aşkarlanarsa, məktəb daxilindəki iaşə obyekti ya cərimələnməli, ya da lisenziyası ləğv olunmalıdır”.


E.Qafarov sözügedən məsələ ilə bağlı sərt tədbirlər görülmədiyi təqdirdə bu kimi hallarla daha çox qarşılaşacağımızı da vurğulayıb. 

 

Müsahibimiz şagirdlərin qida təhlükəsizliyi məsələsində Türkiyə təcrübəsinə də istinad edib:

 

“Nəinki məktəblərin daxilində, eyni zamanda məktəb yaxınlığında kiçik iaşə obyektlərinin də fəaliyyətinə nəzarət olunmalıdır. Qızardılmış, süni aromatlı və tütün məhsulları kimi ziyanlı məmulatların satışına qadağa qoyulmalıdır. Türkiyə təcrübəsinə müraciət etsək, məktəbə 1000 metr ərazidə yerləşən obyektlərdə tütün məhsullarının, enerji içkilərinin, spirtli içkilərin satışına icazə verilməməsi faktını qeyd edə bilərik”.