Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-25 16:01:00
Universitetlərin inkişafında büdcənin rolu: “..ayrılan vəsait bərabər paylanmır!”

Azərbaycanın ali təhsil müəssisələrinin yetərincə inkişaf edə bilməməsi, dünya arenasına çıxan universitetlərlə eyni sıralarda olmaması daimi müzakirə mövzusu, problem olaraq qalır. Ekspertlər, deputatlar, ictimai şəxslər tərəfindən bunun müxtəlif səbəbləri olduğu söylənilir. Maraqlıdır, bəs büdcə ilə bağlı məsələlər problemi yaradan amillərdən biri hesab oluna bilər?

 

Universitetlərin inkişafdan geri qalmasında büdcənin zəif olmasının payı nə qədərdir?

 

AzEdu.az-a açıqlama verən təhsil eksperti Vüsal Kərimlinin fikrincə, ayrılan vəsait universitetlər arasında bərabər paylanmır:

 

“Universitetlərin büdcəsi dövlət tərəfindən maliyyələşdirilmir. 2010-cu ilin sərəncamına əsasən ali təhsil müəssiələri özləri maliyyələşməni həyata keçirirlər.

 

Dövlətin təhsil üçün ayırdığı məbləğin müəyyən hissəsi dövlət universitetlərinin inkişafı üçün ayrılır. Bölgüyə diqqət etsək, görərik ki, ölkədə dövlət universitetlərinə düşən pay çox azdır. Vəsaitin 60-70%-i ADA və bir-iki universitet üçün ayrılır. Yerdə qalan məbləğ isə digər universitetlərə verilir. Bu da olduqca azdır”.

 

Müsahibimiz əlavə olaraq təhsillə bağlı verilən sərəncamlara istinad edərək universitetlərə yaradılan imkanları xatırladır:

 

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən universitetlərin həm də sahibkarlıq etmək imkanı var. Amma təssüflər olsun ki, təhsil müəssiələri bundan istifadə edə bilmirlər. Onlar təhsil haqqından azad olduqları üçün universitetlərin maliyyə resurslarının manevr imkanları çox məhduddur. Halbuki qəbul olunan qanun həmin müəssisələrə əlavə işlərlə məşğul olub büdcəyə gəlir gətirmə imkanı verir”.

 

 

Dosent İlham Əhmədov isə məsələ ilə bağlı bildirir ki, büdcəsi zəif olan universitetlər rəqabətə davamlı ola bilməzlər:

 

“ATM-nin reanimasiyası üçün gec də olsa, intensiv investisiyalar olmalıdır. Bu mümkün olmadıqda, ATM-nə konkret problemlərin həllinə yönəlmiş məqsədli qrantlar verilməlidir. Qlobal inkişafdan 15-20 il geri qalan ATM-nin xilası yalnız bu yolla mümkün ola bilər”.