Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-20 17:35:27
Yeni dərs vəsaiti çap olunub

İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi texnika üzrə fəlsəfə doktoru İsmayıl Calallı (Sadıqov) və ADA Universitetinin müəllimi fizika-riyaziyyat üzrə fəlsəfə doktoru dosent Mixail Medvedyevin həmmüəllifi olduqları “Proqramlaşdırma yarışlarına hazırlıq” adlı vəsait “Bakınəşr”də çapdan çıxıb.

 

İnstitutdan AzEdu.az-a  bildirilib ki, kitabda proqramlaşdırma olimpiadalarının keçirilmə mexanizmi və onlara hazırlaşmağın yolları ətraflı təsvir edilir, əsas mövzular və alqoritmlər təhlil olunur.

 

Vəsait proqramlaşdırma müsabiqələrinə hazırlaşan şagird və tələbələr, onların müəllimləri üçün nəzərdə tutulub. Bu kitab, eyni zamanda, informatika təmayüllü liseylər üçün də faydalı olacaq. Dərs vəsaitindən ali və orta ixtisas təhsili müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ixtisasları üzrə təhsil alan tələbələr də yararlana bilərlər.

 

Kitabın materialları “IOI” sillabusu əsasında seçilib. Belə ki, məhz bu proqram beynəlxalq informatika olimpiadalarında təklif oluna biləcək mövzuları müəyyən edir. Kitabdakı bütün nümunələr C++ dilində yazılıb. Proqram kodları əksər müasir yarışlarda icazə verilən C++11 standartına uyğundur.

 

11 bölmədən ibarət kitabın hər bölməsinin sonunda yer alan “Praktikum” hissəsində mövzu ilə bağlı məsələlər və onların həll alqoritmləri verilir. Həmçinin mövzunun mənimsənilməsini möhkəmləndirmək məqsədilə müstəqil iş üçün “Eolymp” portalından əlavə məsələlər tövsiyə olunur.

 

Qeyd edək ki, Azərbaycan dilində proqramlaşdırma olimpiadaları ilə bağlı işıq üzü görmüş üçüncü nəşr olan bu kitab Azərbaycanda yarış proqramlaşdırmasının əsasını qoymuş, beynəlxalq informatika olimpiadalarında Azərbaycan komandasına rəhbərlik etmiş görkəmli alim və pedaqoq Ramin Mahmudzadənin əziz xatirəsinə ithaf olunur.