Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-17 09:41:00
Ucqar rayonda çalışan “Fədakar müəllim” : “Maaş məni qismən qane edir”

Müəllimlik hər nə qədər qürurlu peşə olsa da, o qədər də çətin və məsuliyyət tələb edir.  Sevib, seçdiyi peşədə daima öyrətmək həvəsində olanlar üçün məsafənin və məkanın  fərqi olmur. Azərbaycanda uzun məsafələr qət edərək evindən, ailəsindən uzaqda yaşayan, fəaliyyətini davam etdirən minlərlə fədakar müəllim var.

 

AzEdu.az təhsil portalı “Fədakar müəllim”rubrikası altında həmin müəllimlərlə silsilə müsahibələr təqdim edir.

 

Bugünki müsahibimiz Lerik rayon Andurma kənd ümumi orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Dəyanət Yusifzadədir.

 

-Özünüzü təqdim etməyinizi istərdik...

 

- Mən, Lerik rayonu, Andurma kənd ümumi orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Yusifzadə Dəyanət. 1989-cu ilin yanvarın 7-də  İmişli rayonu Xəlfəli kəndində anadan olmuşam. Tam orta təhsilimi 1996-2007-ci illərdə İmişli rayonu, Q.Mərdəliyev adına Xəlfəli kənd tam orta məktəbində almışam. Məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışam. 2011-ci ildə ADPU-nun Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasına qəbul olmuş, 2015-ci ildə universiteti bitirmişəm. 2017-ci ilə kimi müxtəlif kurslarda işləmişəm. 2017-ci ildə İmişli rayonu, Ə.Əliyev adına Telişli kənd tam orta məktəbində pedaqoji fəaliyyətə başlamış, bir il orda işlədikdən sonra 2018-ci ildə Müəllimlərin İşə Qəbulu imtahanından 50 bal toplayaraq Laçın rayonu, R.Əliyev adına Qarıkaha kənd tam orta məktəbində fəaliyyətimi davam etdirmişəm. Bir ildən sonra yenidən MİQ imtahanında 54 bal toplayaraq Bakı şəhəri 180 nömrəli tam orta məktəbdə işləmişəm. 2022-ci ildə imtahanda 88.75 bal toplayıb Lerik rayon Andurma kənd ümumi orta məktəbinə təyin olundum. Hazırda pedaqoji fəaliyyətimi burada davam etdirirəm.

 

- Dəyanət müəllim, dəfələrlə məktəb dəyişməyinizə səbəb nə oldu?

 

- 2017-ci ildə Telişli kənd tam orta məktəbində müddətli müqavilə ilə işlədiyim üçün yenidən imtahan verməli oldum. Daha sonra isə Bakıya köçmək qərarına gəldim. Bu səbəbdən yerdəyişmə etmişəm. Sonuncu yerdəyişmə etməyimin səbəbi isə dağlıq ərazidə dərs keçmək həvəsimdən irəli gəlir. Mən təbiəti çox sevirəm və Lerikin təbiəti çox gözəl olduğu üçün bura gəlmək qərarını verdim.

 

- Yaşadığınız yerdən uzaqda işləmək sizə hər hansı problemlər yaratdımı?

 

Təlim-tədris sahəsində heç bir problem yoxdur. Burada qış sərt keçdiyi üçün qar çox olur, yollar bağlanır. Bu çətinliklər var, amma problemlər məni heç vaxt qorxutmayıb. Çalışmışam ki, öhdəsindən lazımınca gəlim.

 

- İşlədiyiniz dövrdə hava şəraiti ilə bağlı həyati təhlükə yarada biləcək hadisə ilə rastlaşmısınız?

 

- Bu günə qədər elə bir ciddi təhlükə olmayıb.

 

- Həftədə neçə dəfə dərsə gedib-gəlirsiniz?

 

- Həftədə 5 gün dərsim olduğu üçün burada kirayədə yaşayıram.

 

Ailənizlə yaşayırsınız?

 

- Xeyr. Tək yaşayıram.

 

- Ailənizdən uzaqda yaşamaq çətinlik törədirmi?

 

Əlbəttə, bəzi çətinliklər var. Məişət qayğıları, ev işləri hamısı mənim üzərimdədir. Amma öhdəsindən gəlirəm. Mənə güc verən ilk növbədə şagirdlərimin sonsuz sevgisidir.

 

- Peşənizi sevərək seçmisiniz?

 Açıklama yok.

Bəli, sevmədiyim işlə məşğul ola bilmərəm. Bu peşəni mənə sevdirən Azərbaycan dili müəllimim olub.

 

- Bəs əmək haqqınız sizi qane edir?

 

- Qismən qane edir, çünki kirayə, yol və digər xərclər var...

 

- Dərs dediyiniz kənddə yaşayırsınız?

 

- Dərs dediyim kənddə yaşayıram, amma burada market olmadığı üçün tez-tez Lerik rayonuna getməli oluram.

 

- Öz fənninizi şagirdlərə mənimsətmək üçün hər hansısa üsuldan istifadə edirsiniz?

- Üsullar çoxdur, amma bizim məktəbin şəraitinə uyğun aşağı texnologiyalı metodlardan istifadə edirəm. Məsələn: siniflərarası bilik yarışları keçirirəm.Videoçarxlardan istifadə edirəm ( proyektor olmadığı üçün noutbukdan istifadə edirəm) təqdimat və layihələr verirəm.

 

- Gələcəkdə fəaliyyətinizi harada davam etdirməyi planlayırsınız?

 

- Bir müddət məktəbdə çalışmağı düşünürəm. Gələcəkdə isə Regional Təhsil İdarəsində işləmək istərdim.

 

Dəyişdiyiniz iş yerlərinizdə şagirdlərinizlə bağlı yadda qalan xatirəniz var?

 Açıklama yok.

-Bütün şagirdlərlə aramızda qarşılıqlı hörmət və sevgi olub. Bir məqamı deyə bilərəm ki, 180 nömrəli məktəbdə işləyəndə 6-cı sinifdə oxuyan şagirdlərimdən biri zəif oxuyurdu. Mən dərs keçəndən sonra ən çalışqan şagird oldu və hazırda əlaçılardan biridir. Dərs dediyim şagirdlər indi də məni yaddan çıxarmır. Hər il müəllimlər günündə təbrik yazırlar.

 

- Müəllim kimi sizi ən çox qürurlandıran an nədir?

 

- İlk növbədə şagirdlərin həqiqi insan və şəxsiyyət kimi formalaşması, ikinci olaraq universitetə qəbul olması.

 

- Bəs şagirdlərin dərsə hazırlıq səviyyəsi nə yerdədir ?

 

- Şagirdlərdən çox razıyam. Onlar dərslərə çox həvəslə hazırlaşırlar. Çox enerjili, hazırcavab uşaqlardır. Lakin bir problem var ki, texnologiya cəhətdən çatışmazlıq onların tam potensialını ortaya qoya bilmələrinə mane olur.

 

- Bu il keçirilən sertifikasiya imtahanından neçə bal toplamısınız?

 

- 52 bal toplamışam. Düzünü desəm, bu nəticə məni qane etmir. Daha çox toplaya bilərdim...

 

- İmtahana düşən sualları necə qiymətləndirirsiniz?

 

- İmtahan sualları üç səviyyədə düşmüşdü: asan, orta və çətin. Mənim fikrimcə, normal suallar idi, çərçivə sənədindən kənara çıxılmamışdı.

 

- Məlumdur ki, ucqar rayonda çalışmaq bir qədər çətindir. Sertifikasiyaya hazırlaşmaq sizin üçün çətin olmadı ki ?

 

İmtahanın vaxtını iyulun 30-da elan etdilər. 31 avqustda imtahan oldu. Bir ay qısa müddət olduğu üçün müəllimlərin çoxu istədiyi kimi hazırlaşa bilmədi.  Vaxt baxımından çətinlik yaşadım.

 

- Son olaraq, şagirdlərə nə kimi tövsiyələr vermək istərdiniz?

 Açıklama yok.

- Onlara vətənimizi sevməyi, onu daim hansı sahə olur olsun müdafiə etməyi,cəmiyyətə layiqli, mehriban və sevgidolu insan olmağı tövsiyə edirəm.

 

Sifayə Abbas